Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-a endirilən zərbə beynəlxalq hüquq baxımından necə qiymətləndirilə bilər?
SOCAR-a endirilən zərbə beynəlxalq hüquq baxımından necə qiymətləndirilə bilər?

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə endirdiyi dron zərbəsi Azərbaycanın xaricdəki enerji aktivlərinin də müharibənin risk zonasına daxil olduğunu göstərir.

Hadisə zamanı insan itkisi olmasa da, bu cür hücumlar enerji infrastrukturu ilə yanaşı, beynəlxalq investisiyaların təhlükəsizliyi məsələsini də yenidən gündəmə gətirir.

Ekspertlər hesab edirlər ki, insident Azərbaycan–Rusiya münasibətlərində əlavə diplomatik müzakirələrə səbəb ola bilər.

  • Bu hadisə Azərbaycanın xaricdəki enerji layihələrinin təhlükəsizliyi və Bakı–Moskva münasibətləri baxımından hansı yeni riskləri ortaya çıxarır?

Politoloq Yeganə Hacıyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər hansı enerji obyektinin xarici şirkətə məxsus olması ona müharibə şəraitində avtomatik hüquqi toxunulmazlıq qazandırmır.

Onun sözlərinə görə, hüquqi qiymətləndirmədə əsas meyar mülkiyyət forması və ya sahibinin vətəndaşlığı deyil, obyektin faktiki funksiyası və silahlı münaqişədə oynadığı roldur.

Bununla belə, müharibə şəraitində xarici şirkətlərə məxsus enerji infrastrukturları ilə bağlı beynəlxalq hüququn müəyyən etdiyi sərhədlər var.

Politoloq bildirib ki, beynəlxalq korporasiyalara və xarici investorlara məxsus enerji infrastrukturunun hədəfə alınması hərbi əməliyyatları təkcə təhlükəsizlik məsələsi deyil, həm də beynəlxalq hüquq, qlobal iqtisadiyyat və geosiyasətin kəsişdiyi mürəkkəb müstəviyə çevirir.

"Əgər enerji infrastrukturu hərbi sənayenin, silahlı qüvvələrin idarəetmə sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, hərbi rabitənin və ya digər hərbi əməliyyatların fəaliyyətini təmin edirsə, o, beynəlxalq humanitar hüququn normaları çərçivəsində müəyyən hallarda legitim hərbi hədəf hesab oluna bilər. Lakin bu status belə hücumların avtomatik olaraq hüquqi sayılması demək deyil", – deyə o bildirib.

Yeganə Hacıyevanın sözlərinə görə, beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərindən fərqləndirmə, mütənasiblik və ehtiyat tədbirlərinin görülməsi prinsiplərinə ciddi əməl etməyi tələb edir. Gözlənilən mülki itkilər və ya mülki infrastruktura dəyəcək zərər əldə ediləcək konkret hərbi üstünlüklə müqayisədə həddindən artıq olarsa, belə hücum beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirilə bilər.

Politoloq vurğulayıb ki, məsələnin siyasi tərəfi də hüquqi aspekt qədər əhəmiyyətlidir. Qloballaşmış iqtisadiyyat şəraitində enerji infrastrukturu çox vaxt transmilli investisiya layihələrinin, beynəlxalq maliyyə institutlarının və müxtəlif dövlətlərin iqtisadi maraqlarının tərkib hissəsinə çevrilir. Buna görə də belə obyektlərə endirilən zərbələr təkcə hərbi deyil, həm də diplomatik münasibətlərə, investisiya mühitinə, beynəlxalq arbitraj proseslərinə və dövlətlərin iqtisadi nüfuzuna təsir göstərir.

Onun fikrincə, Rusiya–Ukrayna müharibəsi artıq yalnız hərbi meydanda aparılan qarşıdurma deyil. Münaqişə beynəlxalq hüquq, diplomatiya, iqtisadiyyat və dövlətlərin beynəlxalq reputasiyası ilə sıx bağlı kompleks prosesə çevrilib. Bu səbəbdən Rusiya Ukrayna ərazisində hərbi qərarlar qəbul edərkən təkcə taktiki məqsədləri deyil, həmin qərarların uzunmüddətli hüquqi və siyasi nəticələrini də nəzərə almağa məcburdur.

Y. Hacıyeva diqqətə çatdırıb ki, Rusiya–Ukrayna müharibəsinin ilk mərhələsində baş vermiş bəzi istisnaları çıxmaq şərtilə, sonrakı dövrdə tərəflər əsasən ABŞ və ya Çin şirkətlərinə məxsus özəl biznes aktivlərini birbaşa hədəfə almaqdan çəkiniblər.

"Bu tendensiya göstərir ki, silahlı münaqişələrdə hərbi zərurətlə yanaşı, iri dövlətlərin iqtisadi maraqları və münaqişənin daha geniş geosiyasi miqyas almasının qarşısının alınması da praktikada mühüm rol oynayır. Bu isə həmin obyektlərin beynəlxalq hüquq baxımından mütləq toxunulmazlığa malik olması anlamına gəlmir", – deyə politoloq bildirib.

Onun sözlərinə görə, dövlətlər çox vaxt üçüncü ölkələrin strateji iqtisadi maraqlarına toxunan addımların mümkün siyasi, diplomatik və iqtisadi nəticələrini də hesablayırlar.

"Beynəlxalq hüquq xarici şirkətlərə məxsus enerji obyektlərinə mütləq toxunulmazlıq vermir. Eyni zamanda, belə obyektlərə qarşı həyata keçirilən hər bir hücum konkret hüquqi meyarlar əsasında ayrıca qiymətləndirilir. Burada əsas meyar obyektin kimə məxsus olması deyil, onun silahlı münaqişədə faktiki hərbi əhəmiyyəti və beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə əməl olunmasıdır. Məhz bu yanaşma müasir beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin əsas hüquqi çərçivəsini təşkil edir", – deyə o vurğulayıb.

Politoloq xatırladıb ki, müharibə dövründə Ukrayna ərazisində Azərbaycanın diplomatik nümayəndəlikləri və Azərbaycan biznesinə aid obyektlərin zərər gördüyü hallar qeydə alınıb. Eyni zamanda, Gürcüstanın diplomatik obyektləri də hərbi əməliyyatların təsirinə məruz qalan məkanlar sırasında olub.

"Maraqlıdır ki, eyni dövr ərzində Ukrayna ərazisində Ermənistanın diplomatik nümayəndəliklərinə analoji zərbələr barədə bir dənə də olsun məlumat yoxdur. Azərbaycanın diplomatik və iqtisadi maraqlarına dəyən zərərlər fonunda digər dövlətlərin analoji obyektlərinin toxunulmaz qalması müxtəlif siyasi suallar doğurur və beynəlxalq münasibətlərdə tətbiq olunan yanaşmaların ardıcıllığı barədə müzakirələri aktuallaşdırır. Bununla belə, Rusiyanın məhz bu hücumdakı motivləri barədə qəti nəticəyə gəlmək üçün təkcə bu faktlar kifayət etmir. Belə qiymətləndirmələr əlavə sübutlar tələb edir", – deyə Yeganə Hacıyeva bildirib.

Politoloqun fikrincə, Bakı–Moskva münasibətləri baxımından da bu cür hadisələr qarşılıqlı etimad mühitinə təsirsiz ötüşmür. Əgər zərbə beynəlxalq humanitar hüquqla qorunan mülki obyektə dəyibsə və bunun qarşısının alınması üçün zəruri tədbirlər görülməyibsə, bu, diplomatik kanallar vasitəsilə hüquqi və siyasi izahat tələb edən məsələ kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »