Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə əlaqəli fiziki və hüquqi şəxslərə qarşı növbəti sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
Bizimyol.info xəbər verir ki, müvafiq sənədlər prezidentin rəsmi saytında dərc olunub.
Yeni sanksiyalar çərçivəsində 57 fiziki və 30 hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb. Onların əksəriyyəti Rusiya vətəndaşları və ya bu ölkənin rezidentləridir. Məhdudiyyətlər, əsasən, Rusiyanın hərbi-sənaye kompleksi üçün avadanlıq istehsal edən şirkətlərə və həmin müəssisələrin rəhbərlərinə şamil olunub.
Bundan əlavə, sanksiyalar bir sıra rusiyalı hərbi bloqerləri də əhatə edib. Siyahıya İlya Tumanov, Vladimir Romanov, eləcə də Moskva Şəhər Dumasının deputatı və sinxron üzgüçülük üzrə üçqat Olimpiya çempionu Mariya Kiseleva daxil edilib.
Vladimir Zelenski mütəmadi olaraq Rusiya ilə əlaqəli fiziki və hüquqi şəxslərə, həmçinin Kiyevin Rusiya ilə əməkdaşlıqda ittiham etdiyi Ukrayna və digər ölkələrin vətəndaşlarına qarşı sanksiyalar barədə fərmanlar imzalayır.
Sanksiya siyahıları Ukraynanın müvafiq nazirlik və dövlət qurumları tərəfindən hazırlanır, daha sonra təkliflər Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim olunur. Şura müvafiq qərarlar qəbul etdikdən sonra onlar prezident tərəfindən təsdiqlənərək qüvvəyə minir. Bununla yanaşı, Kiyev Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı təkliflərini mütəmadi olaraq Qərb ölkələrinə də təqdim edir.
Bizimyol.info






