Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazirin müavini: Roma Trampın təxribat xarakterli paylaşımlarına cavab verməyəcək
Baş nazirin müavini: Roma Trampın təxribat xarakterli paylaşımlarına cavab verməyəcək

İtaliya hökuməti müttəfiqlər arasında gərginliyin artmasının qarşısını almaq məqsədilə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdəki təxribat xarakterli paylaşımlarına artıq reaksiya verməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani "La Stampa" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tramp xüsusilə sosial şəbəkələrdə təxribatçı çıxışlar etməyi sevir.

“Biz qərara gəldik ki, bu cür şərhlərə daha cavab verməyək. Məqsədimiz müttəfiqlər arasında mübahisələri alovlandırmamaqdır”, – deyə Tayani vurğulayıb.

Nazir həmçinin qeyd edib ki, transatlantik münasibətlərin möhkəmliyi hər hansı paylaşım və ya emosional ifadədən qat-qat önəmlidir. O əlavə edib ki, Roma ABŞ-ın dostu olaraq qalır.

Bir gün əvvəl Donald Tramp özünün "Truth Social" platformasında İtaliyanın Baş naziri Corcia Meloninin ona baxdığı fotonu paylaşaraq, şəkilə “yaxınlaşma qadağası lazımdır” şərhini əlavə edib və bununla onu məsxərəyə qoyub.

Bundan əvvəl Tramp və Meloni arasında qarşılıqlı sərt bəyanatlar səslənmişdi. ABŞ prezidenti İtaliya hökumətinin başçısını nankorluqda və G7 sammitində çəkilmiş birgə foto vasitəsilə öz siyasi reytinqini artırmağa çalışmaqda ittiham etmişdi.

Buna cavab olaraq Meloni Trampa əvvəlcə öz populyarlığı ilə məşğul olmağı tövsiyə edib və bildirib ki, onunla dostluq heç vaxt reytinqinə müsbət təsir göstərməyib.

Daha əvvəl isə İtaliyanın baş naziri Roma Papası XIV Levə açıq dəstək verərək, Trampın pontifik barədə səsləndirdiyi fikirləri qəbuledilməz adlandırmışdı.

Donald Tramp İtaliyanı və digər Avropa müttəfiqlərini ABŞ-ın İrana qarşı hərbi əməliyyatını dəstəkləməməkdə və Hörmüz boğazının açılmasına yardım göstərmək istəməməkdə ittiham edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »