Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla bağlı etiraz notası təqdim edib.
Rəsmi Bakı bəyan edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığı təəssüratını yaradır və bu hallar beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi Rusiyanı hadisələri hərtərəfli araşdırmağa, baş verənlərlə bağlı rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.
Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın Rusiyanın Azərbaycandakı səfirinə etiraz notası təqdim etməsi beynəlxalq diplomatik praktikaya uyğun olaraq dövlətin öz suveren maraqlarını, vətəndaşlarının və iqtisadi subyektlərinin təhlükəsizliyini qorumaq məqsədi daşıyan qanuni və əsaslandırılmış addımdır.
Deputatın sözlərinə görə, söhbət təkcə SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə edilən son PUA hücumundan getmir.
"Ötən ilin iyununda və avqustun 8-də də SOCAR-a məxsus obyektlərə zərbələr endirilib. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinin binasına da ziyan dəyib. Bu hadisələrin ardıcıl şəkildə təkrarlanması onların təsadüfi deyil, ciddi araşdırılmalı insidentlər olduğunu göstərir", – deyə o bildirib.
Arzuxan Əlizadə qeyd edib ki, diplomatik notanın təqdim olunması Azərbaycan-Rusiya münasibətlərinin pozulması anlamına gəlmir.
"Əksinə, bu, dövlətlərarası münasibətlərdə yaranmış narahatlığın rəsmi diplomatik kanallar vasitəsilə qarşı tərəfin diqqətinə çatdırılması və izahat tələb olunması deməkdir. Azərbaycan hər zaman Rusiya ilə qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub. Lakin bu münasibətlər Azərbaycanın milli maraqlarına toxunan məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane ola bilməz", – deyə deputat vurğulayıb.
Deputat hesab edir ki, etiraz notasının Rusiyanın gələcək hərbi əməliyyatlarına birbaşa təsir göstərəcəyini söyləmək çətindir. Bununla belə, Azərbaycanın qəti və prinsipial mövqeyi Moskvanın gələcəkdə Azərbaycanın mülki obyektləri və diplomatik nümayəndəlikləri ilə bağlı məsələlərə daha həssas yanaşmasına, oxşar halların qarşısının alınması üçün əlavə tədbirlər görməsinə stimul verə bilər.
"Ən azı, bu addım Rusiya tərəfinin hadisələri araşdırmaq, izahat vermək və beynəlxalq öhdəliklərinə uyğun davranmaq məsuliyyətini bir daha gündəmə gətirir", – deyə o əlavə edib.
Deputatın fikrincə, əgər bu cür insidentlər gələcəkdə də təkrarlanarsa, bu, Azərbaycan-Rusiya münasibətlərində əlavə gərginliyə səbəb ola bilər.
"İstənilən dövlət öz diplomatik nümayəndəliklərinin, iqtisadi obyektlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyi prioritet hesab edir. Münasibətlərin sağlam məcrada inkişafı üçün belə hadisələrin obyektiv araşdırılması, məsul şəxslərin müəyyənləşdirilməsi və oxşar halların təkrarlanmaması istiqamətində real addımların atılması vacibdir. Məhz bu yanaşma iki ölkə arasında qarşılıqlı etimadın qorunmasına və münasibətlərin gələcək inkişafına xidmət edə bilər", – deyə Arzuxan Əlizadə bildirib.
İradə Cəlil, Bizimyol.info






