Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov dünın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Azərbaycan tərəfinin notası təqdim olunub. Bu, Rusiya Silahlı Qüvvələrinin iyulun 5-də Ukraynanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı rəsmi Bakının etirazının ifadəsidir.
Rusiya tərəfi bundan əvvəl Ukraynada SOCAR-a məxsus qazpaylayıcı stansiyanı və Odessadakı neft bazasını vurmuşdu. Eləcə də, Rusiya hərbçiləri Azərbaycanın Kiyevdəki səfirliyini və Xarkovdakı fəxri konsulluğu da daha əvvəl hədəf seçmişdilər. Azərbaycan Rusiyanın hər bir belə təxribatçı əməlinə diplomatik çərçivədə adekvat reaksiya verib və Azərbaycanın iqtisadi maraqlarına qarşı bu cür hücumlarla bağlı haqlı olaraq izahat istəyib, bu əməllərə hüquqi qiymət verilməsini tələb edib.
Azərbaycanın etirazı haqlıdır, tələbləri təbiidir, yerindədir; bunlar öz yerində. Sadəcə, bir-iki nüansa dair öz fikirlərimi qısaca bildirmək istərdim.
Sizi bilmirəm, Rusiyanın bu əməlləri məndə şəxsən təəccüb doğurmur. Moskva öz vətəndaşlarının, öz əsgər analarının belə "göz yaşlarına inanmır", o da qala dost, müttəfiq saydığı ölkənin iqtisadi maraqlarını nəzərə almaq. Ukrayna Rusiyanın yanacaq-energetika infrastrukturunu hədəfə aldıqdan sonra Rusiyada çox kəskin yanacaq qıtlığı ilə yanaşı ölkə rəhbərliyində belə çaşqınlıq, ruh düşkünlüyü yaranıb. Yanacaqdoldurma məntəqələrindəki uzun növbələrdə artıq sürücülər arasında, eləcə də, hakimiyyət nümayəndələri ilə vətəndaşlar arasında kiçik də olsa insidentlər yaranır. Bu cür hallar getdikcə kəskinləşir. Ukraynanın növbəti mərhələdə ərzaq təchizatı infrastrukturunu hədəfə alacağı söylənilir və buna da haqqı var: Rusiya dinc Ukraynalıları öz evlərinin içində ballistik raketlə qətlə yetirdiyi üçün, Kiyevin də başqa seçimi qalmır. Bu cür zərbələr davam etsə, yanacaq təchizatı sistemi kimi, Rusiya əhalisinin ərzaqla təminatı da çətinləşsə, indiki insidentlər böyüyüb vətəndaş qarşıdurmasına, eləcə də, hakimiyyətlə cəmiyyət arasında qarşıdurmaya - vətəndaş müharibəsinə qədər gedib çata bilər. Artıq təkcə Rusiya ictimai-mədəni elitasında deyil, hakimiyyət nümayəndələri arasında da müharibəni dayandırmaq çağırışları getdikcə daha çox və daha gur eşidilir.
Şübhəsiz ki, xüsusilə Rusiyanın Kiyevdə və başqa ərazilərdə yaşayış məntəqələrinə son hücumlarına Ukrayna da adekvat qarşılıq verəcək və hər iki ölkədə ekzistemsial təhlükə artacaq. Rusiyada növbəti parlament seçkiləri yaxınlaşdıqca, vəziyyət daha da kəskinləşəcək. Qərb, eləcə də, Ukraynanın özü də Rusiyada hakimiyyət dəyişikliyini tətikləməkdə maraqlıdır. Vladimir Putin hakimiyyət başında qaldıqca, müharibəni öz xoşuna dayandırmayacaq - bunu bütüm siyasi analitiklər vurğulayır. Ona görə də Qərb mərkəzləri Putinsiz Rusiya üçün hər cür səy göstərəcəklər.
Rusiya prezidenti kürsüsünün yavaşdan da olsa, silkələndiyini hiss edir, görür. Ona görə də bir yandan, müharibəni davam etdirmək məcburiyyəti hiss edir (generalitetin təzyiqi, iri biznesin narahatlıqları var), o biri yandan isə müharibəni dayandırmağın ən qısa yolunu da axtarır. Bu səbəbdən, heş şübhə etmirəm ki, Ukraynada Azərbaycana məxsus şirkətlərin vurulması rəsmi Bakını Ukrayna ilə iqtisadi, siyasi, eləcə də, təhlükəsizlik sferalarında əməkdaşlıqdan çəkindirmək, əksinə müharibəni Moskvanın şərtlərində dayandırmaq üçün Kiyevi danışıqlara sövq etmək məqsədi daşıyır. Bu isə tamamilə yanlış - elə birinci Rusiyanın özü üçün zərərli düşüncədir. Təkcə ona görə yox ki, bir yanlışı başqa bir yanlışla düzəltmək olmaz (ən böyük yanlış - işğalçı müharibə aparmaqdır). Həm də ona görə ki, onsuz da beynəlxalq siyasətdə, beynəlxalq iqtisadi münasibətlərdə, demək olar, tam təcrid vəziyyətinə düşmüş Rusiya son hərəkətləri ilə Azərbaycanı da narazə salır, özünün daha da təklənməsinə səbəb olur. Bəzən belə fikirlər (o cümlədən, Rusiya mediasında) tirajlanır ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Elə deyil. Azərbaycan öz yerindədir, heç nə etmir; Rusiya özü Azərbaycanı özündən uzaqlaşdıran davranış sərgiləyir, yaxud özü uzaqlaşır. Bu da, təbii ki, rəsmi Moskvanın öz yanlışıdır. Bəzən birisinin özünə etdiyi pisliyi başqaları istəsə də edə bilməz. Azərbaycan isə heç kimə, o cümlədən, Rusiyaya qarşı pis heç nə etmir. Əksinə Prezident İlham Əliyev müharibənim dayandırılması üçün həm Rusiyaya, həm Ukraynaya dəfələrlə diplomatik platforma təqdim etməyə hazır olduğunu deyib. Bundan sonrası Rusiyaya qalıb; müharibəni o başlayıb, özü də dayandıra bilər. Əks halda Ukrayna Silahlı Qüvvələri Rusiyada həyatı dayandıra bilər. Bu qədər sadə!
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





