Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış şirkət istehlakçını aldadıb?
Tanınmış şirkət istehlakçını aldadıb?

Tural Hacızadə adlı vətəndaş sosial mediada yazaraq bildirib ki, “Kontakt Home”dan övladı üçün “Huawei” planşeti alıb. Ancaq ona planşetin qələmini ayrıca pulla satıblar.

“Soruşdum ki, qələmi varmı? Dedilər ki, ayrıca satılır. Mən də “tamam” dedim.

Bu gün qələmi alanda gördüm ki, üzərində “Not For Sale” (“Satış üçün deyil”) yazılıb.

İstədim “Huawei” yə yazım ki, sizin rəsmi distribütorunuz (mağazada mənə elə dedilər ki, rəsmi distribütordurlar) üzərində “Satış üçün deyil” qeyd olunan məhsulu ayrıca satır. Sonra isə doğrudan da utandım ki, gedib bir Çin şirkətinə deyim ki, mənim ölkəmdə fəaliyyət göstərən şirkət məni aldadır”.

O daha sonra bildirib: “Bunu adi bir satış butiki etsəydi, deyərdim ki, qazancını həmin qələmdən çıxarmağa çalışır. Amma siz böyük korporativ mağazasınız. Belə bir yanaşma sizə yaraşmır”

“Üzərində “Not For Sale” (“Satış üçün deyil”) qeyd olunan məhsulun ayrıca satışa çıxarılması istehlakçının aldadılması hesab olunurmu?

Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, pulsuz məhsulu satmaq istədikdə üzərindəki “pulsuz” yazısı silinməlidir : “Bəli, bu, istehlakçının aldadılması hesab oluna bilər. Ona görə yox ki, bizim yerli mağaza həmin məhsulu pulsuz alıb. Ola bilər ki, onu pulsuz da əldə etsinlər. Lakin bu halda üzərindəki həmin “satış üçün deyil” yazısı silinməlidir.

Əkrəm Həsənov deyib: “Mən də, siz də nəyisə pulsuz alıb kiməsə pulla sata bilərik, çünki bazar iqtisadiyyatıdır. Buna heç kim qadağa qoymur. Lakin üzərində “pulsuz” olduğu açıq şəkildə göstərilirsə, bu artıq başqa məsələdir. Axı həmin məhsul müştəriyə satılır. Bu səbəbdən bu istehlakçının aldadılması deməkdir”.

Əkrəm Həsənov əlavə edib: “Vətəndaş bu halda Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə, eləcə də məhkəmədə iddia da qaldıra bilər”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »