Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvanı narahat edən qərar: Finlandiya nüvə qadağasını ləğv edə bilər
Moskvanı narahat edən qərar: Finlandiya nüvə qadağasını ləğv edə bilər

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Finlandiyanın nüvə silahlarına qoyulan qadağanı ləğv etməsindən sonra bu ölkənin Rusiyanın nüvə hədəfləri siyahısına daxil edildiyini bildirib. Açıqlama regionda təhlükəsizlik və Rusiya–NATO münasibətlərində gərginliyin davam etdiyini göstərir.

  • Finlandiyanın bu qərarı Baltik regionunda təhlükəsizlik balansına necə təsir göstərə bilər?

    Rusiya daha bir cəbhə aça bilərmi?

Politoloq Turab Rzayev hesab edir ki, Rusiyanın bu tip açıqlamaları hazırkı mərhələdə daha çox diplomatik təzyiq vasitəsi xarakteri daşıyır. Onun sözlərinə görə, Finlandiya və İsveç NATO-ya üzv olduqdan sonra Moskvanın bu ölkələrə qarşı birbaşa hərbi əməliyyata başlaması real görünmür. Çünki Ukraynada dörd ildən artıqdır davam edən müharibə Rusiyanın resurslarını kifayət qədər yükləyib və Kremlin hazırkı mərhələdə yeni cəbhə açmaqda maraqlı olmadığı görünür.

Ekspert bildirir ki, əsas narahatlıq Finlandiyanın nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağaları ləğv etməsi ehtimalı ilə bağlıdır. Onun fikrincə, belə bir qərar gələcəkdə NATO-nun nüvə silahlarının Finlandiya ərazisində yerləşdirilməsinə hüquqi zəmin yarada bilər. Bu isə Rusiya tərəfindən birbaşa təhlükəsizlik riski kimi qiymətləndiriləcək və regionda gərginliyi daha da artıracaq.

Turab Rzayev xatırladıb ki, artıq Fransanın nüvə başlıqlarının Polşada yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, Polşa və Finlandiya kimi Rusiyanın sərhədinə yaxın ölkələrdə nüvə potensialının artırılması Moskvanın ən həssas bölgələrinə birbaşa təsir göstərə bilər.

"Finlandiya Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqla birbaşa sərhədə malikdir. Sabah bu ölkədə NATO-nun nüvə başlıqları və ya strateji silah sistemləri yerləşdirilərsə, Sankt-Peterburq, hətta müəyyən mənada Moskva da potensial hədəf zonasına çevrilə bilər. Məhz buna görə Kreml bu məsələyə son dərəcə həssas yanaşır", – deyə ekspert vurğulayıb.

Politoloqun fikrincə, Rusiyanın son açıqlamalarının əsas məqsədi də Finlandiyanı belə addımlardan çəkindirməkdir. O hesab edir ki, Kreml indidən sərt mesajlar verməklə Helsinkiyə xəbərdarlıq edir və ölkənin gələcəkdə öz ərazisində NATO-nun nüvə infrastrukturu və ya nüvə başlıqlarının yerləşdirilməsinə razılıq verməsinin qarşısını almağa çalışır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »