ABŞ Prezidenti Donald Trampın açıqladığı 927 səhifəlik maliyyə bəyannaməsinə əsasən, o, ötən il kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox gəlir əldə edib.
Bizimyol.info xəbər verir ki, BBC-nin verdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə əhəmiyyətli artımdır. Həmin il Trampın bəyan etdiyi gəlir təxminən 600 milyon dollar olmuşdu.
Sənədə əsasən, Trampın gəlirlərinin 635 milyon dolları onun adı ilə əlaqələndirilən mem-kriptovalyutanın buraxılışından əldə olunan royaltilərdən formalaşıb. Trampın oğulları və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun övladlarının təsis etdiyi "World Liberty Financial" şirkəti isə ona 500 milyon dollardan çox gəlir qazandırıb.
Maliyyə hesabatı göstərir ki, Trampın əsas gəlir mənbəyi ilk dəfə daşınmaz əmlak və qolf klublarını geridə qoyaraq rəqəmsal aktivlər olub. Bundan başqa, onun adını daşıyan saatlar, idman ayaqqabıları, ətirlər və İncil nəşrlərinin satışından 4,7 milyon dollar gəlir əldə edilib.
Birinci xanım Melaniya Tramp isə sənədli filmin lisenziyalaşdırılmasından 10,7 milyon dollar, NFT kolleksiyasının satışından isə 6 milyon dollar qazandığını bəyan edib.
Ağ Ev Trampın biznes aktivlərinin idarə edilməsinin oğullarına həvalə olunduğunu bildirərək, maraqlar toqquşması ilə bağlı iddiaları rədd edib.
Analitiklərin fikrincə, Tramp administrasiyası dövründə ABŞ-nin kriptovalyuta sektoruna münasibəti daha müsbət xarakter alıb. "Bloomberg" və "Forbes" Donald Trampın ümumi sərvətini 6–7,6 milyard dollar arasında qiymətləndirir.
Bizimyol.info






