Zaporojye vilayətinin Qulyaypol istiqamətində döyüşlər bütün şiddəti ilə davam edir.
Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin sözçüsü, polkovnik Vladislav Voloşinin sözlərinə görə, Rusiya ordusuna iyunun sonuna qədər Qulyaypolu tam nəzarətə götürmək tapşırığı verilib.
Onun bildirdiyinə görə, hazırda şəhərin kənar hissələrində Ukrayna qüvvələri mövqelərini qoruyur. Rusiya ordusu isə bu mövqelərin təchizat yollarını kəsməyə, rotasiyanı və mümkün təxliyəni çətinləşdirməyə çalışır.
Voloşin qeyd edib ki, hücumların intensivliyi əvvəlki həftə ilə müqayisədə azalsa da, bölgədə hər gün 25-30 döyüş toqquşması baş verir. Ən ağır döyüşlər Qulyaypolun şimalındakı Dobropillya istiqamətində, eləcə də şəhərin cənub-qərbində yerləşən Çarivne, Jeleznodorojnoye və Qulyaypolske yaşayış məntəqələri ətrafında gedir.
Ukraynalı hərbçinin sözlərinə görə, Rusiya qüvvələrinin növbəti məqsədi Qulyaypolu ələ keçirdikdən sonra Pokrovsko istiqamətində irəliləmək, Hayçur çayı boyunca möhkəmlənmək və Volnyanskla Pavloqrad istiqamətlərində gələcək hücumlar üçün əlverişli şərait yaratmaqdır.
Bundan əvvəl də Rusiya ordusunun Qulyaypol istiqamətinə əlavə qüvvələr göndərdiyi və bölgədə hücum əməliyyatlarını gücləndirdiyi bildirilmişdi.
Bizimyol.info






