Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Rusiyanın imperialist planlarının qarşısı Ukraynada alınır
Politoloq: Rusiyanın imperialist planlarının qarşısı Ukraynada alınır

Avropa İttifaqı Ukraynaya dəstəyin fasiləsiz davam etməsi üçün 2027-ci ildən sonrakı dövrə dair yeni maliyyə paketini müzakirə edir.

Plana əsasən, münaqişə davam edərsə, Ukraynaya əlavə 30-45 milyard avro kredit ayrılması nəzərdə tutula bilər. Məqsəd Aİ-nin uzunmüddətli maliyyə dəstəyində boşluq yaranmasının qarşısını almaqdır.

  • Aİ-nin Ukraynaya uzunmüddətli maliyyə dəstəyi münaqişənin gedişinə və Avropanın təhlükəsizlik siyasətinə necə təsir göstərə bilər?

Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna Qərbin təhlükəsizliyi baxımından bufer zona, eyni zamanda ön cəbhə xətti rolunu oynayır. Onun sözlərinə görə, məhz buna görə Brüssel Kiyevə hərbi, siyasi, maliyyə və humanitar dəstəyini davam etdirəcək ki, Moskva imperialist ambisiyalarını həyata keçirə bilməsin.

"Qərb paralel olaraq öz müdafiə qabiliyyətini də gücləndirir, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əhatə dairəsini və miqyasını genişləndirir. Ukrayna Rusiyanın dərinliklərinə, sənaye mərkəzlərinə və paytaxt da daxil olmaqla iri şəhərlərinə hava hücumlarını artırmaqla müharibədə üstünlüyü öz xeyrinə dəyişməyə, Kremli kompromisə məcbur etməyə çalışır.

Bir çox təhlilçilər Ukrayna-Rusiya müharibəsinin cari ilin sonunadək başa çatacağı ilə bağlı nikbin proqnozlar versələr də, döyüşlərin daha da şiddətlənməsi və Putinin atdığı addımlar bu nikbinliyi alt-üst edir. Buna görə də Qərb anlayır ki, Ukraynanın məğlub olması Rusiyanın Qərbə doğru mümkün təcavüzü üçün yol aça bilər", - deyə politoloq bildirib.

Əli Orucov hesab edir ki, Qərb hərbi əməliyyatların dayandırılması və sülh prosesinin başlanacağı ilə bağlı da nikbin deyil.

Politoloqun fikrincə, müharibə başa çatsa belə, Ukraynanın dağıdılmış və ciddi ziyan görmüş iqtisadiyyatının, infrastrukturunun və yaşayış məntəqələrinin bərpası üçün böyük həcmdə maliyyə, texniki və digər dəstəyə ehtiyac olacaq. Onun sözlərinə görə, bu proseslər də Qərbin təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Əli Orucov vurğulayıb ki, Ukraynanın gücləndirilməsi Qərbin şərq sərhədlərinin daha etibarlı müdafiəsi deməkdir.

"Kollektiv Avropa bundan sonra da Ukraynanın hər mənada arxasında duracaq", - deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »