İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul etməsi regionda yeni siyasi müzakirələrə səbəb olub. Bu qərarın, xüsusən də Türkiyə-İsrail münasibətlərinə və Cənubi Qafqazdakı geosiyasi tarazlığa potensial təsirləri maraq doğurur.
- İsrailin qondarma "erməni soyqırımı"nı tanımaq qərarı Türkiyə-İsrail münasibətlərinə və Cənubi Qafqazdakı geosiyasi tarazlığa necə təsir edə bilər?
Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyanın bütün ölkələri kimi İsrail də Türkiyənin soyqırımı törətmədiyini bilir. Lakin İrana qarşı məqsədlərinə çata bilməyən İsrail yeni problemlər yaratmaqla ABŞ-ın dəstəyini qazanmağa və Türkiyəyə qarşı mənfi mövqeni gücləndirməyə çalışır.
Onun sözlərinə görə, bu planlara Suriya və Livan kimi ölkələrin işğalı da daxil ola bilər.
Kerem Karabulut hesab edir ki, İsrail eyni zamanda Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirməyi və bununla da Cənubi Qafqazda əldə olunan mühüm siyasi və iqtisadi sabitliyi pozmağı hədəfləyir.
"Cənubi Qafqazdakı inkişaflar Türkiyə və Azərbaycanın uzunmüddətli perspektivdə güclənməsi üçün çox vacibdir. Zəngəzur dəhlizinin və Türkiyə-Ermənistan sərhəd-keçid məntəqələrinin açılması Türkiyə və Azərbaycanı regionda təsirli ölkələr kimi ön plana çıxaracaq. Əgər İran da uzunmüddətli perspektivdə bu prosesi dəstəkləsə, regionda tam sabitlik mühiti formalaşa bilər", – deyə şərhçi bildirib.
Onun fikrincə, bütün bu inkişaflar İsrail və hətta ABŞ üçün arzuolunmaz olduğundan, yeni siyasi manevrlər edilir.
Kerem Karabulut hesab edir ki, bu cür addımların gələcəkdə daha tez-tez baş verməsi mümkündür. Buna görə də Türkiyə və Azərbaycan alternativ tədbirlər görməli, bölgədə sabitliyin və inkişafın davamlılığını təmin etməlidirlər.
İradə Cəlil, Bizimyol.info






