Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada həkimlər hökuməti əhalini istidən qorumaqla bağlı fəaliyyətsizlikdə ittiham edib
Almaniyada həkimlər hökuməti əhalini istidən qorumaqla bağlı fəaliyyətsizlikdə ittiham edib

Almaniya Federal Respublikasında ümumi praktika həkimləri assosiasiyası hökuməti əhalini isti havaların təsirindən qoruma sahəsində hərəkətsizlikdə ittiham edib.

Bizimyol.info xəbər verir ki, bu barədə assosiasiyanın həmsədri Nikola Bulinger-Göpffart “Berliner Morgenpost” qəzetinə bildirib.

“Almaniya hökuməti istilikdən qorunma məsələsində tibb praktikalarını özbaşına vəziyyətdə qoyub. Uzun illərdir bu mövzunun prioritet olacağına dair vədlər verilsə də, hələ də heç bir real addım atılmayıb”, – deyə bildirib. Onun sözlərinə görə, siyasətçilər nəhayət məsuliyyət göstərməli və hər dəfə istilər başlayanda yalnız niyyət bəyanatları yaymaqla kifayətlənməməlidirlər.

Bulinger-Göpffart xatırladıb ki, Almaniya hökuməti hələ üç il əvvəl istilik dalğalarına qarşı kompleks tədbirlər paketini elan etmişdi. Bu paketə, xüsusilə, güclü istilər zamanı xəstələrin maarifləndirilməsi üçün tibbi xidmətlərin maliyyələşdirilməsi də daxil idi. “Bu günə qədər faktiki olaraq heç bir şey həyata keçirilməyib”, – deyə o vurğulayıb. Onun sözlərinə görə, yay mövsümü bitən kimi bu mövzu yenidən siyasi gündəmdən çıxarılır.

Assosiasiya rəhbəri bildirib ki, hazırkı istilik dalğası xüsusilə yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Buna görə də tibb məsləhətləri, o cümlədən qocalar evlərində xidmətlər son dərəcə vacibdir. Burada söhbət yalnız “çox su için” və ya “günorta istisindən uzaq durun” kimi ümumi tövsiyələrdən getmir. Çox vaxt dərman dozalarının yenidən tənzimlənməsi və istiliyə həssas preparatların (məsələn, insulin) düzgün saxlanması barədə məlumatlandırma da tələb olunur.

Həkimlər assosiasiyasının fikrincə, Almaniya hökuməti mövcud isti hava dalğasını konkret addımlar atmaq üçün fürsət kimi dəyərləndirməlidir. “Qocalar evlərinə sakinlərini istidən lazımi şəkildə qorumaq üçün real imkanlar verilməlidir”, – deyə Bulinger-Göpffart əlavə edib.

Qeyd edək ki, 26 iyunda Almaniya Meteoroloji Xidməti (DWD) ölkə tarixində müşahidə edilən ən yüksək temperatur rekordunun qeydə alındığını bildirib — 41,3 dərəcə Selsi. Sinoptiklərin proqnozuna görə, şənbə günü temperatur 36–41 dərəcə arasında dəyişəcək, bəzi yerlərdə isə 42 dərəcəyə qədər yüksələ bilər. Bazar gününə keçən gecə ölkənin şimal və şimal-qərb bölgələrində güclü külək və fırtına riski ilə müşayiət olunan lokal ildırımlı yağışlar gözlənilir. Gecə temperatur minimumları 18–25 dərəcə olacaq. İstinin zəifləməsi yalnız 29 iyunda gözlənilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »