Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanalizasiya borularının altından çıxan 1800 illik lüks: 4 metr dərində gizlənən "kübar" ziyafətlərin tarixi sübutu - Video
Kanalizasiya borularının altından çıxan 1800 illik lüks: 4 metr dərində gizlənən "kübar" ziyafətlərin tarixi sübutu - Video

Hatayın mərkəzində, sivilizasiyaların qat-qat üstünü örtdüyü o unikal məkanda – Necmi Asfuroğlu Arxeologiya Muzeyində gəzərkən, ayaqlarınızın tam 4 metr altında qədim Romanın təmtəraqlı ziyafətlərinə açılan sirli bir pəncərə görəcəksiniz. Bura, təsadüfi bir qazma (sondaj) işi zamanı möcüzəvi şəkildə gün üzünə çıxan və arxeologiya dünyasında böyük həyəcan yaradan məşhur "G2 Evi Ziyafət Salonudur" (Triclinium).

Miladi II və IV əsrlər arasında Antakyanın kübar elitasının canlı şahidi olan bu məkan, sirləri və yaşanmışlıqları ilə bu gün Hataya gələn səyahətçiləri vizual bir səyahətə çıxarır.

Aparılan qazıntı işləri hələlik bu zəngin Roma evinin yalnız Triclinium, yəni ziyafət salonu hissəsi ilə məhdudlaşıb. Lakin bu tək bir salon belə, ev sahibinin cəmiyyətdəki yerini anlamaq üçün bəs edir. Çünki Romada trikliniumlar sadəcə yemək otağı deyil; bura şəhərin varlı ailələrinin öz sosial statuslarını, intellektual güclərini nümayiş etdirdiyi bir prestij zonası idi.

Tam 14 x 8 metr ölçülərində olan bu nəhəng salonda, musiqi və şərabın müşayiəti ilə ən mühüm iş görüşmələrindən tutmuş rəsmi qəbullara və çılğın əyləncələrə qədər antik dövrün bütün sosial həyatı dövr edirdi.

G2 evinin sahibinin kimliyi bilinməsə də, salonun zəmini bizə onun xarakterini pıçıldayır. Salonun döşəməsi tamamilə pagan (bütpərəst) dövrün mifoloji qəhrəmanlarının və mitoslarının işləndiyi bənzərsiz mozaika ilə qaplanıb. Bu mozaikalardakı inanılmaz dərəcədə yüksək işçilik və sənətkarlıq yanaşması sübut edir ki, bu evin sahibi sıradan bir zadəgan deyil, qədim yunan ədəbiyyatını dərindən bilən və Helenistik mədəniyyəti tam mənası ilə mənimsəmiş əsl bir antik intellektual olub.

Salonun estetik zirvəsi isə onun daxili hovuz (Nymphaion) tənzimləməsidir. Suyun şırıltısı ilə ziyafətlərə sərinlik qatan bu hovuz bölməsində aparılan qazıntılarda möhtəşəm bir ayaqda duran Eros heykəli və antik memarlığa aid bənzərsiz mərkəz parçaları tapılıb. Yəni bu salonda hər şey sevgi tanrısı Erosun gözləri qarşısında yaşanıb.

G2 evinin taleyi ən azı onun memarlığı qədər dramatikdir. Sonrakı əsrlərdə şəhərdə nəhəng bir Roma Forumu (ictimai meydan) inşa edilərkən, mühəndislər bu möhtəşəm ziyafət salonunun üstünü xüsusi bir dolğu torpaqla tamamilə örtüblər. Hətta tarixin qəribə bir ironiyası olaraq, forumun atık su (kanalizasiya) kanalı birbaşa bu sənət əsəri olan salonun üzərindən keçirilib. Lakin məhz bu dolğu və üzərindən keçən şəhər infrastrukturu, altındakı G2 evini əsrlər boyu baş verən müharibələrdən və yağmalardan qoruyan bir zireh rolunu oynayıb.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »