Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin xarici siyasət prioritetləri ilə bağlı açıqlama verib.
"Report"un məlumatına görə, Kobaxidze Parlamentdə illik hesabatı zamanı bildirib ki, Tbilisi heç bir halda ABŞ-ı Çinlə əvəz etmək niyyətində deyil və Vaşinqtonla strateji tərəfdaşlığın bərpasına hazırdır.
Baş nazir qeyd edib ki, Çinlə əməkdaşlıq digər ölkələrlə münasibətlərə alternativ kimi nəzərdən keçirilmir:
"Biz heç bir halda əvəzetmədən danışmırıq. ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan, təmiz səhifədən bərpa etməyə hazırıq və cavab gözləyirik", – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Çin Gürcüstan üçün mühüm tərəfdaşdır və ölkələr arasında iqtisadi ölçülərdə böyük fərqlərə baxmayaraq, Pekin Tbilisiyə bərabərhüquqlu yanaşma sərgiləyir.
Kobaxidze əlavə edib ki, Gürcüstan Çinlə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bir sıra Avropa İttifaqı ölkələrinin də Çinlə strateji tərəfdaşlıq qurduğunu xatırladıb.
Baş nazir həmçinin ABŞ-la münasibətlərə toxunaraq qeyd edib ki, əvvəlki administrasiya dövründə strateji tərəfdaşlıqda fasilə yaranıb və Gürcüstan bu münasibətlərin yenidən bərpasında maraqlıdır.
"Əlimizi uzadırıq və ABŞ-dan cavab gözləyirik. Strateji tərəfdaşlığın bərpasına nikbin yanaşırıq", deyə Kobaxidze vurğulayıb.






