Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" Gənclərin Hərbi-Vətənpərvərlik Toplanışında iştirak edir.
Bu barədə "Bizimyol.info"ya Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışda Azərbaycan komandası ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya komandaları, həmçinin Qazaxıstanın güc strukturlarının, hərbi təhsil müəssisələrinin və hərbi-vətənpərvərlik klublarının nümayəndələri iştirak edirlər.
Tədbirin əsas mərhələləri plana uyğun olaraq Şokan Ualixanov adına Hərbi Kollecin "Amandık" təlim poliqonunda keçirilir. Toplanış çərçivəsində 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, eləcə də robototexnika üzrə yarışlar təşkil olunur.
Azərbaycan komandası "Aybın-2026" toplanışında yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirərək Azərbaycanı layiqincə təmsil edir.






