Rusiyanın işğalı altında olan Krımda Ukraynanın hərbi və enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra elektrik və yanacaq təminatında problemlər yaranıb.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat verib.
Kremlin təyin etdiyi Sevastopol rəhbəri Mixail Razvojayev şəhərdə elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunduğunu açıqlayaraq sakinləri enerji sərfiyyatını azaltmağa çağırıb. Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin sözlərinə görə, Ukrayna pilotsuz aparatları Sevastopolun əsas elektrik yarımstansiyasına yeddi dəfə zərbə endirib.
Bununla yanaşı, Krımın Rusiyanın nəzarətində olan administrasiyası yanacağın müvəqqəti olaraq yalnız dövlət qurumlarına satılacağını elan edib. Sevastopol sakinləri əksər yanacaqdoldurma məntəqələrində benzinin tükəndiyini, mövcud yanacağın isə əvvəlkindən daha baha satıldığını bildiriblər.
Sosial şəbəkələrdə yayılan paylaşımlarda taksi sürücüləri və sahibkarlar yanacaq çatışmazlığının gündəlik fəaliyyətə ciddi təsir göstərdiyini yazırlar. Bəzi sahibkarlar dizel yanacağı olmadığından məhsullarını çatdıra bilmədiklərini, sakinlər isə ictimai nəqliyyatda sıxlığın artdığını qeyd edirlər.
Artan təhlükəsizlik riskləri fonunda Krımın işğal administrasiyası bütün uşaq yay düşərgələrinin fəaliyyətini ən azı sentyabrın 1-dək dayandırıb. Yerli sakinlər son vaxtlar hava həyəcanı siqnallarının və pilotsuz uçuş aparatlarının sayının xeyli artdığını bildirirlər.
Buna baxmayaraq, turizm sektoru hələlik fəaliyyətini davam etdirir. Novıy Svet qəsəbəsində fəaliyyət göstərən qonaq evi sahibi bildirib ki, turistlər gəlməkdə davam etsələr də, yarımadada qeyri-müəyyənlik hissi güclənib və insanlar xəbərləri daha diqqətlə izləyirlər.
Ukrayna son həftələr Krımda hərbi və logistika obyektlərinə zərbələri intensivləşdirib. Kiyev bunun Rusiya ordusunun təchizatını çətinləşdirməyə və Moskvanı danışıqlara sövq etməyə hesablandığını bildirir. Bununla belə, bəzi analitiklər bu hücumların Kremlin siyasi mövqeyini dəyişməsinə səbəb olacağını az ehtimal kimi dəyərləndirirlər .
Qadir, Bizimyol.info






