Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
26 İyun – Silahlı Qüvvələr Günü: Qüdrətli Ordunun Şanlı Zəfər Salnaməsi
26 İyun – Silahlı Qüvvələr Günü: Qüdrətli Ordunun Şanlı Zəfər Salnaməsi

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun Silahlı Qüvvələr Günü müstəqilliyimizin, suverenliyimizin və milli təhlükəsizliyimizin təminatçısı olan Azərbaycan Ordusunun yaranmasının şərəfli tarixidir. Bu əlamətdar gün xalqımızın öz ordusuna olan sonsuz etimadının, Vətənə sədaqətinin və dövlətçilik ənənələrinə bağlılığının təntənəsidir.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli hərbi hissələrin yaradılması ölkəmizdə müasir ordu quruculuğunun əsasını qoydu. Həmin tarix sonralar müstəqil Azərbaycanın Silahlı Qüvvələr Gününə çevrilərək xalqımızın yaddaşında xüsusi yer tutdu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi.

Azərbaycan Ordusunun müasir inkişaf mərhələsi dahi dövlət xadimi Ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider ölkədə siyasi sabitliyi təmin etdikdən sonra güclü və peşəkar ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğu prosesi sürətləndirildi, hərbi kadr hazırlığı təkmilləşdirildi və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyev daim vurğulayırdı ki, müstəqil dövlətin mövcudluğu güclü ordu olmadan mümkün deyil. Məhz onun müəyyənləşdirdiyi strateji inkişaf kursu sonrakı illərdə Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməsinin əsasını təşkil etdi.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Son illərdə müdafiə xərclərinin artırılması, müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında özünə layiqli yer qazandı.

Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu ən müasir texnologiyalarla təchiz edildi, peşəkar hazırlıq səviyyəsi yüksəldildi və döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artırıldı. Ordumuzun əldə etdiyi uğurların zirvəsi isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində öz parlaq təsdiqini tapdı.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında

Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərinin və yüzlərlə kəndimizin azad olunması, Şuşa şəhərinin işğaldan qurtarılması Azərbaycan hərb tarixinin ən möhtəşəm zəfərləri kimi tarixə yazıldı. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində nadir qəhrəmanlıq nümunələrindən biri kimi qiymətləndirilir. Azərbaycan əsgəri çətin relyef şəraitində misilsiz şücaət göstərərək şəhəri düşməndən təmizlədi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Bu möhtəşəm Zəfər minlərlə qəhrəman hərbçimizin, şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığı hesabına əldə edildi. Azərbaycanın igid oğulları Vətən uğrunda canlarından keçərək ən ali zirvəyə, şəhidlik məqamına yüksəldilər. Onların göstərdikləri qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.

Müharibədə sağlamlığını itirmiş qazilərimiz də xalqımızın qürur mənbəyidir. Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin öz qəhrəmanlarına göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun peşəkarlığını, yüksək döyüş hazırlığını və gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı tətbiq olunan müasir döyüş taktika və strategiyaları, yüksək texnologiyalı silahlardan səmərəli istifadə Azərbaycan Ordusunun dünya hərb elminə yeni nümunələr təqdim etdiyini göstərdi.

Bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi qüvvələrindən biri olmaqla yanaşı, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Ordumuz işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunmasında, dövlət sərhədlərinin qorunmasında və ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsində böyük xidmətlər göstərir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, müharibə veteranlarını, şəhid ailələrini və qazilərimizi səmimi qəlbdən təbrik edir, Vətənimizin müdafiəsi naminə xidmət edən hər bir hərbçimizə uğurlar arzulayırıq.

Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılır, qazilərimizin göstərdiyi şücaət yüksək qiymətləndirilir. Azərbaycan Ordusunun gücü, xalq–ordu birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın müstəqil və qüdrətli Azərbaycan!

Nicat İsmayılov Politoloq Nicat İsmayılov
Son xəbərlər
Bütün xəbərlər »