Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd ölkələr üçün “tədricən inteqrasiya” proqramı çərçivəsində iqtisadi güzəştlərin verilməsini nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət həmin ölkələrin Aİ-nin bəzi maliyyələşdirmə proqramlarında iştirakına, preferensial ticarət sazişlərinə və vahid bazara qismən çıxış əldə etməsinə imkan verən mexanizmlərdən gedir. Aİ rəsmilərindən birinin bildirdiyinə görə, güzəştlərin həcmi hər bir ölkənin birliyə üzvlük istiqamətində əldə etdiyi irəliləyişə uyğun müəyyən ediləcək.
Brüssel bu addımla namizəd ölkələri islahatlara təşviq etməyi və onları Avropa İttifaqına inteqrasiya prosesində “doğru yolda” saxlamağı hədəfləyir. Nəşr yazır ki, bu yanaşma üzv ölkələr arasında genişlənmənin, xüsusilə Ukraynada davam edən müharibə fonunda, daha sürətli həyata keçirilməsi barədə ümumi razılaşma ilə üst-üstə düşür.
Hazırda Aİ-yə rəsmi namizəd statusuna malik ölkələr arasında Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro yer alır.
Bizimyol.info






