Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: BMT nüfuzunu itirir, bunu dəyişməyin yolunu bilirəm
Qrossi: BMT nüfuzunu itirir, bunu dəyişməyin yolunu bilirəm

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi hesab edir ki, BMT getdikcə öz əhəmiyyətini itirir və dünyaya real nəticələr verən beynəlxalq təşkilat lazımdır.

Bizimyol.info xəbər verir ki, BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürən Qrossi bu fikirləri Yaponiyanın Milli Mətbuat Klubunda jurnalistlər qarşısında çıxışı zamanı səsləndirib.

"Bizə həqiqətən işləyən BMT lazımdır. Əsas təhlükələrdən biri odur ki, BMT getdikcə öz əhəmiyyətini itirərək beynəlxalq problemlərin həllinə real töhfə verməyən, yalnız bəyanatlar səsləndirilən platformaya çevrilir", – deyə o bildirib.

Qrossi vurğulayıb ki, onun rəhbərliyi dövründə BAEA çoxtərəfli beynəlxalq mexanizmlərin mövcud olduğunu və ən mürəkkəb qlobal problemlərin bir qismini həll etmək iqtidarında olduğunu nümayiş etdirib. "Məhz buna görə də namizədliyimi irəli sürmüşəm. Əminəm ki, BAEA-da qazandığım bu təcrübəni bütövlükdə BMT-yə tətbiq etmək mümkündür", – deyə o əlavə edib.

BAEA rəhbəri bildirib ki, fəaliyyəti ərzində demək olar ki, bütün dünya liderləri ilə işləmək imkanı qazanıb. "Mən onları tanıyıram, onlar da məni tanıyırlar. Hesab edirəm ki, bu, BMT-də yeni rəhbərliyin formalaşdırılması, təşkilatın həqiqi missiyasının bərpası və onun beynəlxalq problemlərin həllində yenidən fəal rol oynaması üçün yaxşı zəmin yaradır", – deyə Qrossi qeyd edib.

Xatırladaq ki, Argentina hökuməti Rafael Qrossinin BMT-nin baş katibi vəzifəsinə namizədliyini rəsmi şəkildə irəli sürüb. Yeni baş katibin seçkiləri 2026-cı ilin iyulunda keçiriləcək. Təşkilata 2017-ci ildən rəhbərlik edən hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti isə bu il dekabrın 31-də başa çatacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »