Cənubi Koreya təxminən 500 min nəfərə, yəni faktiki olaraq ölkənin bütün hərbi qulluqçularına pilotsuz uçuş aparatlarını (PUA) idarə etməyi öyrətməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri An Gyu Bek brifinqdə bildirib.
Nazirin sözlərinə görə, hökumət ölkə daxilində pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı sənayenin inkişafını sürətləndirməyi və 500 min PUA operatoru hazırlamağı hədəfləyir.
"Gələcəkdə pilotsuz uçuş aparatı yalnız ixtisaslaşmış bölmələrin istifadə etdiyi xüsusi vasitə deyil, hər bir əsgərin istifadə etdiyi universal atəş vasitəsinə çevrilməlidir", – deyə An Gyu Bek vurğulayıb.
O əlavə edib ki, Müdafiə Nazirliyi hər bir əsgərin PUA-dan ikinci şəxsi silah kimi istifadə etməyi bacarması üçün 500 min operator hazırlamağı nəzərdə tutur.
Cənubi Koreya hakimiyyəti oxşar planları 2025-ci ilin ikinci yarısında da açıqlamışdı. Həmin il ölkənin Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan əsgər və zabitlərin sayı təxminən 450 min nəfər təşkil edib.
Müdafiə naziri bildirib ki, 2026-cı ilin sonunadək şəxsi heyətin təlimi üçün qoşunlara təxminən 11 min pilotsuz uçuş aparatı təhvil veriləcək. 2029-cu ilədək isə bu rəqəmin 60 minə çatdırılması planlaşdırılır.
Bizimyol.info






