Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi görüşlərlə bağlı müntəzəm paylaşımlar edir. Bu dəfə o, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hemiltonla görüşü haqda yazıb.
Bu görüşdə Azərbaycanla NATO arasında tərəfdaşlığın indiki səviyyəsi və gələcək perspektivlər müzakirə olunub. Bu, öz yerində.
Mən başqa bir nüansı şərh etmək istəyirəm.
Nədir bu nüans?!
Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra yeni müstəqil dövlətlərin bir qismi yenə də Moskvanınn çətiri altında qaldı (ya da buna məcbur oldu), bir qismi Avropa və Avroatlantika strukturlarına inteqrasiya yolunu seçdi.
Hər iki yolu gedənlər də məhrumiyyətlərlə üzləşdilər. Məsələn, Rusiyanın diqtəsi altında qalan Belorus, demək olar, müstəqilliyini itirdi, zaman-zaman Qərbin ağır sanksiyaları altına düşdü. Yaxud əksinə Gürcüstan, Ukrayna Avropa İttifaqına, xüsusilə, NATO-ya üzv olmaq istədilər, buna mane olmaq üçün Rusiya bu ölkələrin ərazilərinin müəyyən hissələrini işğal və ilhaq elədi.
Azərbaycanda da Qərbpərəst siyasi qüvvələr hökuməti tənqid edirlər - əsas irad da Azərbaycanın Avropa İttifaqına və NATO-ya üzv olmağa çalışmaması ilə bağlıdır. Deyirlər, Azərbaycan mütləq və mütləq bu strukturlara üzv olsun.
Ancaq Azərbaycan öz yolunu özü açıb və bu yolla gedir.
Mütləq harasa üzv olmaq lazımdırmı?!
Bəli, Azərbaycan dünyanın əksər nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür. O cümlədən, Avropa strukturlarının. Ancaq Avropa İttifaqı, NATO... bunlar başqa məsələdir. Şərtləri ağırdır, prosedurlar mürəkkəbdir. Bu, illərlə yox, onillərlə çəkəcək bir prosesdir. Üstəlik Azərbaycan üçün sonu əvvəlcədən bəllidir: qəbul etməyəcəklər - Türkiyənin acı təcrübəsi var.
Hansı təşkilatlara üzv olmaq lazımdırsa, Azərbaycan üz olub. Harda nə qədər mümkündürsə, necə məqbuldursa, Azərbaycan inteqrasiya edib. Rəsmi Bakı öz tərəfdaşlıq modelini tapıb: hansı təşkilatda üzvlük gərəklidirsə üzv olub, hansı ilə ikitərəfli formatda işləməyi lazım bilibsə, o cür də davam edir.
Hərbi bloka qoşulmaq mütləq deyil, ancaq hərbi blokla tərəfdaşlıq etmək lazımdır. Çünki bu, Azərbaycan üçün də lazımlıdır.
Azərbaycan tərəf olmağı deyil, tərəfdaş olmağı lazım bilib; doğrusu da budur.
NATO ilə 1994-cü ilin əvvəlindən başlayan tərəfdaşlıq davam edir. Azərbaycan heç bir bloka qoşulmadan da regionun ən güclü ordularından birini qura bilib, bu ordu ilə işğal olunmuş torpaqlarını azad edib.
Global Firepower (GFP) 2026 siyahısına görə Azərbaycan Ordusu 145 ölkə arasında 60-cı yerdədir. Həmin reytinqdə Gürcüstan ordusu 95-ci, Ermənistan ordusu 101-ci yeri tutur.
Məsələn, NATO-nun mənzil-qərargahı Belçikada yerləşir və bu ölkənin ordusu Azərbaycanınkından nəinki üstündür, hələ 1 pillə geridədir. Xorvatiya, Slovakiya və sair kimi daha aşağı pillədə NATO üzvləri ölkələr var.
Azərbaycan NATO üzvü deyil, ancaq NATO üzvü olan Türkiyə kimi nəhəng hərbi güclə müttəfiqdir - beş il əvvəl bu iki qardaş dövlət arasında Şuşa Bəyannaməsi imzalanıb. Azərbaycan bloklara qoşulmur, ancaq müttəfiqlərinin sayı və sanbalı yetərincə çoxdur.
Tarix və təcrübə Azərbaycanın doğru yolda olduğunu dəfələrlə sübuta yetirib. Bu yol müstəqil siyasət yürütməkdir. O cümlədən, müstəqil müdafiə və təhlükəsizlik siyasəti.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





