Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon hərbi hədəflərin seçilməsində Sİ rolunun genişləndirilməsini istisna etmir
Pentaqon hərbi hədəflərin seçilməsində Sİ rolunun genişləndirilməsini istisna etmir

ABŞ Müdafiə Nazirliyi hərbi hədəflərin müəyyənləşdirilməsi doktrinasına yenidən baxıb və gələcəkdə bu prosesdə süni intellektin (Sİ) daha geniş rol oynaya biləcəyini nəzərdə tutan müddəalar əlavə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin daxili sənədləri ilə tanış olan "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, yenilənmiş prinsiplər gələcəkdə "insan nəzarəti altında süni intellektin əməliyyatları təşəbbüs etdiyi sistemlərə" keçid imkanını nəzərdə tutur. Hazırda isə qüvvədə olan qaydalara əsasən, əməliyyatların başlanmasına dair qərarı insan verir.

Sənədin gələcəkdə hədəflərin seçilməsi qaydalarına həsr olunmuş bölməsində: "Gələcək müharibələrin sürəti və rəqiblərimizin süni intellekt sahəsində əldə etdiyi nailiyyətlər ABŞ Silahlı Qüvvələrini tam avtonom sistemlərdən istifadə etməyə sövq edə bilər", - deyə qeyd edilir.

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin nümayəndəsi bildirib ki, hədəflərin müəyyənləşdirilməsi doktrinasına edilən dəyişikliklər uzun illər davam edən hərtərəfli təhlilin nəticəsidir və müxtəlif əməliyyatlardan əldə olunan təcrübəyə əsaslanır.

Pentaqon rəsmisi isə vurğulayıb ki, hazırda Müdafiə Nazirliyinin istifadə etdiyi süni intellekt texnologiyaları hədəfləri müstəqil şəkildə nə seçir, nə də məhv edir. Onun sözlərinə görə, bütün qərarlar üzərində son nəzarət hərbi komandanlıqda qalır.

Bundan əvvəl ABŞ mətbuatı xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyatın planlaşdırılması zamanı hədəflərin seçilməsi üçün Claude süni intellekt modeli əsasında işləyən "Maven Smart System" ("Maven" ağıllı idarəetmə sistemi) uçuş idarəetmə platformasından istifadə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »