Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreditlərin orta faiz dərəcəsi artır, borcu ödəmək daha da çətinləşir
Kreditlərin orta faiz dərəcəsi artır, borcu ödəmək daha da çətinləşir

İstehlak kreditlərinin ümumi portfeldə payının çox olması həm də ölkədəki sosial vəziyyətə işıq salır. Deməli, əhalinin gəlirləri qeyri-sabitdir, iqtisadi risk yüksəlib. İnsanların yaşayış standartları qənaətbəxş olanda, adətən, istehlak kreditlərinə müraciət bu qədər nəzərə çarpmır. Azərbaycanda isə bu istiqamətə ehtiyac getdikcə artır.

Bizimyol.info xəbər verir ki, ölkədə kreditlərin orta faiz dərəcəsi artıb. İllik göstərici 14,3-ə çatıb. Halbuki keçən ilin eyni dövründə kreditlərin orta faiz dərəcəsi 13,65 idi. Daha əvvəlki illərlə də müqayisə aparmaq olar. Məsələn, 2017-ci ildə göstərici 12,34 olub.

Faizlər artdıqca əhalinin borclanma sürəti də yüksəlir. Bunun məntiqi nəticəsidir ki, vaxtı keçmişı kreditlərin məbləği yenə artıb. İyunun 1-nə olan məlumata görə, məbləğ 635,4 milyon manata çatıb. Göstərici bir ay əvvəlkindən 3,45 faiz çoxdur.

Fikir verirsinizsə, kreditlərin orta faiz dərəcəsinin artması, problemli kreditlərin məbləğinin böyüməsi, istehlak kreditlərinin ümumi portfeldəki payının çoxalması eyni addımlayır. Yəni bu amillər bir-biri ilə bağlıdır. Əlbəttə, əhalinin real gəlirlərinin azalması özünü bütün müstəvilərdə göstərir. İqtisadi sabitlik dövrü kimi fərqləndirilən 2006-2015-ci illərdə insanlar kreditləri vaxtında ödəmək üçün bu qədər əziyyət çəkmirdi. Ardıcıl devalvasiyalar balansı pozdu. Həmin dövrdən sonra vaxtı keçmiş kreditlərin məbləği əksər hallarda yalnız artıb.

İnsanlar ən adi qayğıların öhdəsindən gələ bilmədiyindən, istehlak kreditlərinə daha çox müraciət edirlər. Keçən ilin sonlarında məlum olmuşdu ki, bir il ərzində bu kreditlərə müraciət payı 11,5 faiz artıb. Əslində, normal sahibkarlıq mühiti olan ölkələrdə biznes kreditlərinə daha çox ehtiyac duyulur. Bizdə isə vəziyyətin pisləşməsi az qala hər ay hiss olunur.

Bu şəraitdə bankların faizləri artırması heç yaxşı xəbər deyil. Elə bu maliyyə müəssisələri üçün də. Belə yanaşma vaxtı keçmiş kreditlərin məbləğini yalnız artıra bilər.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »