Hələ 2022-ci ildə müharibə başlayanda Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusuna müraciət edərək Kiyevdə hakimiyyəti ələ keçirməyə, Prezident Volodimir Zelenskini və onun komandasını devirməyə çağırmışdı.
O zaman Putin Zelenski hakimiyyətini "neo-nasistlər və narkomanlar" adlandırmışdı.
"Hakimiyyəti öz əlinizə alın. Mənə elə gəlir ki, sizinlə danışıqlar aparmaq Zelenski və ətrafı ilə danışmaqdan daha asan olacaq", – Putin Rusiya televiziyasında yayımlanan çıxışında belə demişdi.
Aradan təxminən beş il keçib.
Bu gün Kreml siyasətini izləyən ekspertlər Rusiyanın Ukraynadakı müharibənin sona çatdırılması ilə bağlı verdiyi siqnallarda müəyyən dəyişikliklərin hiss olunduğunu bildirirlər.
Artıq bu müharibə Rusiya üçün İkinci Dünya müharibəsində iştirak etdiyi müddətdən daha uzun çəkib.
Rusiyalı mühacir və Vladimir Putinin tanınmış tənqidçisi Mixail Xodorkovski X sosial şəbəkəsində yazıb ki, Putin son çıxışlarından birində ilk dəfə olaraq Ukrayna Prezidenti Volodimir Zelenskiyə hörmət ifadə edən formada – "cənab Zelenski" deyə müraciət edib. Bu isə Putinin son illərdə Zelenski haqqında işlətdiyi "faşist" kimi ifadələrdən kəskin şəkildə fərqlənir.
- Bəs Putin niyə ritorikasını dəyişib?
Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya prezidentinin ritorikasındakı dəyişiklik birbaşa müharibə meydanında baş verən proseslərlə bağlıdır. Onun sözlərinə görə, Rusiya ordusu hazırda ciddi çətinliklərlə üzləşir. "Qərbdən Ukraynaya silah təminatının güclənməsi, eləcə də Ukrayna ordusunun yüksək mənəvi-psixoloji hazırlığı cəbhədəki vəziyyətə təsirsiz ötüşmür. Son dövrlərdə döyüş meydanında müəyyən üstünlüklərin Ukraynanın xeyrinə dəyişməsi, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mühüm strateji hədəflərinə peşəkar şəkildə zərbələr endirməsi vəziyyətə ciddi təsir göstərən amillərdəndir. Rusiya tarixən gücə önəm verən dövlətdir. Qarşısındakı tərəfi güclü gördükdə ona münasibətdə daha ehtiyatlı davranır, zəif hesab etdiyi tərəfə qarşı isə daha sərt mövqe sərgiləyir. Biz bunu dəfələrlə müşahidə etmişik. Vladimir Putinin Volodimir Zelenskiyə münasibətdə əvvəlki “faşist” ritorikasından imtina edərək indi “cənab Zelenski” ifadəsini işlətməsinin arxasında da məhz bu amillər dayanır", – politoloq qeyd edib.
Zeynal Əmrəliyevin fikrincə, Ukraynaya dəstək verən Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar da Kremlin mövqeyinə təsir göstərən əsas amillərdəndir.
"Qərb ölkələri Rusiyaya, onun siyasi rəhbərliyinə və xüsusilə enerji sektoru başda olmaqla iqtisadiyyatın müxtəlif sahələrinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edir. Bu təzyiqlər Rusiyanın iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Məhz buna görə də Putin Ukrayna məsələsində müəyyən razılaşmaya nail olmağa çalışacaq. Ən azı tətbiq olunan sanksiyaların bir hissəsinin ləğvinə nail olmaq Kremlin maraqlarına uyğundur. Çünki bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına ciddi zərbə vurur. Hazırda ölkədə iqtisadi inkişaf demək olar ki, dayanıb. Bununla yanaşı, Rusiya ordusunun döyüş meydanındakı vəziyyəti də əvvəlki qədər əlverişli deyil.
Bir müddət "Vaqner" və "Axmat" kimi muzdlu hərbi birləşmələrin hesabına müəyyən üstünlüklər əldə olunurdu. Lakin artıq bu imkanlar əvvəlki səviyyədə deyil. "Vaqner" qruplaşması Yevgeni Priqojinin qiyamından sonra faktiki olaraq sıradan çıxarıldı. "Axmat" qüvvələrinin də əvvəlki təsir gücü və potensialı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunları nəzərə aldıqda, Putinin Zelenskiyə münasibətdə istifadə etdiyi yeni ifadələrin arxasında duran əsas səbəblər cəbhədəki vəziyyət və Qərb dövlətlərinin Rusiyaya qarşı həyata keçirdiyi iqtisadi təzyiq siyasətidir", – deyə politoloq vurğulayıb.
İradə Cəlil Bizimyol.info






