Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdə təhsili hədəf seçən gənclərin sayı artıb: Bəzi məktəblərin məzunları yerli universitetlərə ehtiyac duymur
Xaricdə təhsili hədəf seçən gənclərin sayı artıb: Bəzi məktəblərin məzunları yerli universitetlərə ehtiyac duymur

Gənclər xaricdə təhsil haqqında daha çox düşünməyə başlayıb. Təhsil mərkəzlərinin statistikası göstərir ki, bu istiqamətdə müraciətlərin sayı artıb. Dövlət İmtahan Mərkəzinin statistikası da buna işarə vurur. Bəzi məktəblərin məzunları yerli universitetlərə ehtiyac duymur.

Bizimyol.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi xüsisi izah olmadan ali təhsil ocaqlarına qəbul nəticəsi əldə etməyən müəssisələrin adını çəkib. Bu isə yanlış təsəvvürə yol açıb. Guya bu məktəblərin məzunları blok imtahanlarında uğur qazanmayıb. Halbuki söhbət həmin təhsil ocaqlarını bitirənlərin prosesi ölkədə davam etdirməmək istəyindən gedir. Məzunlar xaricdə təhsili hədəf seçib.

Dövlət İmtahan Mərkəzi Bakı Türk Anadolu liseyi, Azerbaijan British College təhsil kompleksi, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya və Qərbi Kaspi Universitetinin nəzdində tam orta məktəbin adını çəkib. Sosial mediada valideynlər yazır ki, mərkəz araşdırma aparmadan məlumat paylaşıb. Onlar övladlarının xaricdə təhsil hədəflərinə görə yerli blok imtahanlarına müraciət etmədiyini bildirirlər. Həqiqətən də, adı çəkilən orta təhsil müəssisələrinin məzunlarının heç uğur qazanmaması inandırıcı deyil. Bu məktəb və liseylər haqqında həmişə müsbət fikir söylənilib.

Hər il dövlət xətti ilə xaricə magistr təhsili üçün 375, bakalavr dərəcəsi üçün isə 125 məzun göndərilir. Son illər ümumilikdə xaricdə təhsil alan gənclərin sayı azalıb. 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə yenə xeyli azalaraq 751-ə enib. İndi isə say heç 700-ə çatmır. Yəni son 12-13 il ərzində say 4 dəfədən çox azalıb.

Təəssüf ki, fərdi təşəbbüslərlə xaricdə oxumağa gedənlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. Amma onların sayının dəfələrlə çox olmasına heç şübhə etməyə dəyməz. Gənclər xaricdə təhsil almaq üçün müxtəlif imkanları qiymətlərndirməyə çalışır. Ayrı-ayrı proqramlara müraciət edirlər. Əlbəttə, belə təşəbbüslər alqışlanmalıdır. Gənclər gələcəyini yaxşı inşa etməyə çalışır. Amma xaricdə təhsilə bu qədər can atılmasının başqa tərəfi də var. Hər şeydən əvvəl ölkədəki ali təhsil ocaqları haqqında yaxşı fikir formalaşmayıb. Bundan başqa, iş imkanları məhduddur. Gənclər düşünür ki, lap burada oxusalar da, iş tapa bilməyəcəklər. Xaricdə isə ayrı-ayrı şirkətlər tələbələrlə hələ aşağı kurslardan anlaşmağa çalışır. Üçüncüsü, həm də ən əsası, gənclər gələcəyini bu ölkədə görmür. Nə qədər etiraf etməsək də, belədir. Onlar özünü burada ifadə edə bilmir. Məvaciblər çox aşağıdır. Karyera yüksəlişi vəd olunmur. Baxırlar ki, məmur övladları keyfiyyətli təhsili olmadan da yüksək vəzifə tuturlar. Bu şəraitdə gənclərin xaricə axını sürətlənir. Bundan sonra daha çox axın müşahidə edəcəyik. Ciddi islahatlar olmasa, belə də davam etməsinə təəccüblənmək lazım deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »