Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım yarımadasında həyata keçirilən xüsusi əməliyyat nəticəsində Rusiya ordusuna məxsus hərbi obyektlərin vurulduğunu açıqlayıb.
Bizimyol.info xəbər verir ki, məlumata görə, “Saki” hərbi aerodromuna endirilən zərbə nəticəsində hərbi aviasiya texnikasının saxlandığı dörd anqar sıradan çıxarılıb. UTX bildirir ki, əməliyyatları “Alpha” xüsusi təyinatlı bölməsi həyata keçirib.
Eyni əməliyyat çərçivəsində Kerç boğazı ətrafında Rusiya ordusunun hava hücumundan müdafiə vasitələri də hədəfə alınıb. Bildirilir ki, “Saki” və “Qvardeiskoye” aerodromları da zərbələrə məruz qalıb.
Xidmətin verdiyi məlumata görə, Kerç yaxınlığında Rusiya ordusuna məxsus iki ədəd "S-400" zenit-raket kompleksinin döyüş elementləri və iki “Pantsir-S1” zenit-raket-artilleriya sistemi məhv edilib. Qurum xüsusilə vurğulayıb ki, bu bölgədə artıq dördüncü “Pantsir-S1” sistemidir ki, sıradan çıxarılır.
Qurum rəsmiləri bildiriblər ki, bu əməliyyatlar Rusiya qüvvələrinin Krım üzərində hava nəzarətini zəiflədir və Ukraynanın hərbi infrastruktura qarşı zərbələrini genişləndirmək imkanlarını artırır. Onların sözlərinə görə, əməliyyatlar işğalçı qüvvələr yarımadadan tam çıxana qədər davam edəcək.
Eyni zamanda Ukrayna tərəfi son günlərdə Krımda strateji infrastrukturun da hədəfə alındığını bildirir. Məlumata görə, Ukrayna Silahlı Qüvvələri xüsusi bölmələri ilə müqavimət hərəkatının iştirakı nəticəsində Şimali Krım kanalının yaxınlığında yerləşən dəmir yolu körpüsü də məhv edilib.
Ukrayna tərəfi bu infrastrukturu Rusiya ordusunun logistikasında mühüm rol oynayan əsas nəqliyyat xətti kimi qiymətləndirir. Körpünün dağıdılması nəticəsində dəmir yolu xətləri zədələnib və körpü hissələrindən biri çöküb.
Beləliklə, Krım istiqamətində hərbi əməliyyatların intensivləşdiyi və tərəflər arasında infrastruktur müharibəsinin daha da dərinləşdiyi bildirilir.
Bizimyol.info






