Ukrayna Prezidenti Volodimir Zelenski Belarus rəhbərliyinin müharibədə iştirak etmədiyi ilə bağlı açıqlamalarını inandırıcı hesab etmədiyini bildirib. O, Belarus ərazisində Rusiya dronlarının idarə olunmasına kömək etdiyi iddia edilən texniki infrastrukturun fəaliyyətinin dayandırılmasını tələb edib. Zelenski, Aleksandr Lukaşenkonun üzrxahlıq xarakterli bəyanatlarının artıq heç bir əhəmiyyət daşımadığını vurğulayıb. Kiyev hesab edir ki, Belarusun hava məkanı və hərbi infrastrukturunun Rusiya tərəfindən istifadəsi ölkəni müharibənin dolayı iştirakçısına çevirir.
- Belarusun Rusiya ordusuna göstərdiyi iddia olunan texniki dəstək onun müharibədəki roluna dair beynəlxalq qiymətləndirmələri dəyişə bilərmi?
Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər pprtalına açıqlamasında bildirib ki, Belarusun Rusiya ordusuna göstərdiyi iddia olunan texniki dəstək onun müharibədəki beynəlxalq statusuna dair qiymətləndirmələri ciddi şəkildə dəyişə bilər.
Əgər Belarus ərazisindən dronların idarə olunması, rabitə sistemlərinin təmin edilməsi və ya hərbi-logistik dəstək kimi fəaliyyətlərin sistemli şəkildə həyata keçirildiyi sübut olunarsa, bu, Minsk rəhbərliyinin “birbaşa iştirak etmirik” arqumentini zəiflədər.
Politoloqun fikrincə siyasi baxımdan, müasir müharibələrdə iştirak yalnız qoşun göndərməklə məhdudlaşmır.
Hava məkanının açılması, hərbi infrastrukturun istifadəyə verilməsi və texniki koordinasiya da faktiki iştirakın elementləri kimi qiymətləndirilir.
Bu mənada Belarusun rolu “dolayı dəstək verən tərəf”dən “hibrid iştirakçı” statusuna keçə bilər.
Elman Telmanoğlu hesab edir ki, belə bir qiymətləndirmə Qərb ölkələrinin və beynəlxalq təşkilatların Minskə münasibətini daha da sərtləşdirə bilər. Xüsusilə yeni sanksiyalar, diplomatik təzyiqlər və təhlükəsizlik arxitekturasında Belarusun daha riskli aktor kimi qəbul edilməsi mümkündür.
“Belarusun Rusiya ilə hərbi-siyasi inteqrasiyasının dərinləşməsi onun xarici siyasətdə manevr imkanlarını da daraldır. Əgər irəli sürülən iddialar təsdiqlənərsə, Belarusun müharibədə formal olaraq neytral görünmək cəhdləri beynəlxalq səviyyədə daha az inandırıcı olacaq və ölkə de-fakto münaqişənin iştirakçılarından biri kimi qiymətləndirilə bilər. Bu isə gələcək silahlı münaqişələrin ilkin təməli ola bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






