Pakistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tahir Andrabi bildirib ki, ABŞ və İran arasında ikitərəfli anlaşma memorandumunun icrası ilə bağlı ekspert səviyyəli danışıqlar fasilədən sonra gələn həftə yenidən başlayacaq.
Bizimyol.info xəbər verir ki, diplomatın sözlərinə görə, prosesin 30 iyun tarixində bərpa olunması gözlənilir. Bu barədə o, "Frans-Press" agentliyinə açıqlamasında deyib.
Tahir Andrabi danışıqların dəqiq harada keçiriləcəyini açıqlamayıb. O qeyd edib ki, daha əvvəl İsveçrədə baş tutan məsləhətləşmələr ABŞ və İran nümayəndələri arasında dialoq və diplomatiyanın mübahisə və münaqişələrin həlli üçün ən effektiv yol olduğunu göstərib.
Onun sözlərinə görə, Pakistan və Qətər ABŞ və İranla əlaqələri davam etdirərək, tərəflər arasında aparılan danışıqlarda vasitəçilik rolunu yerinə yetirməkdə davam edəcək və Vaşinqton–Tehran dialoquna töhfə verməyə çalışacaqlar.
Xatırladaq ki, ABŞ və İran arasında anlaşma memorandumunun icrası ilə bağlı yüksək səviyyəli danışıqlar 21 iyunda İsveçrənin Bürgenstok şəhərində Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilmişdi. ABŞ tərəfini ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil etmişdi.
İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edib. Tərəflər daha sonra 22 iyunda başlayan ekspert səviyyəli məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Bizimyol.info






