Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Payızda daha genişmiqyaslı əməliyyatlar başlaya bilər” – Şair Ramaldanov
“Payızda daha genişmiqyaslı əməliyyatlar başlaya bilər” – Şair Ramaldanov

Ukraynanın Rusiya ərazisində həyata keçirdiyi zərbələrin effektivliyində peyk texnologiyalarının, xüsusilə də Starlink və digər peyk sistemlərinin mühüm rolu var. Kəşfiyyat məlumatlarının əldə olunması və hədəflərin müəyyənləşdirilməsi məhz bu texnologiyalar vasitəsilə həyata keçirilir və bu amili nəzərə almamaq mümkün deyil.

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya müharibənin başlanğıcından bu günə qədər mövqeyini və irəli sürdüyü şərtləri dəyişməyib. Buna görə də o hesab edir ki, Ukraynanın həyata keçirdiyi ayrı-ayrı zərbələr müharibənin ümumi gedişatını köklü şəkildə dəyişə bilməz.

Şair Ramaldanovun fikrincə, müharibənin taleyi daha çox siyasi danışıqlar masasında həll oluna bilər.

Hərbi ekspert bildirib ki, Rusiyada payız aylarında mümkün səfərbərliklə bağlı hazırlıqlar aparıldığına dair məlumatlar mövcuddur.

“Hazırda müəyyən sınaqlar və yoxlamalar keçirilir. Moskva bu potensial səfərbərlikdən istifadə edərək daha genişmiqyaslı hərbi əməliyyatlara başlamağı və Ukrayna məsələsini öz xeyrinə həll etməyi planlaşdıra bilər. Bu, hələlik Rusiyanın arzu və planları səviyyəsindədir və hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək”-deyə ekspert bildirib.

Şair Ramaldanv bildirib ki, ABŞ, NATO və Avropa İttifaqının əsas məqsədlərindən biri Rusiyanı maksimum dərəcədə zəiflətməkdir. Onun fikrincə, Ukraynaya göstərilən dəstəyin arxasında da bu strateji məqsəd dayanır. Buna görə də müharibənin yalnız Ukrayna ilə məhdudlaşmadığını, daha geniş geosiyasi maraqların toqquşduğu bir proses olduğunu vurğulayıb.

Ekspert hesab edir ki, Rusiyanın obyektlərinə endirilən zərbələr əks effekt də yarada bilər. Onun fikrincə, Moskva buna cavab olaraq hərbi əməliyyatlarını daha da genişləndirə və öz məqsədlərinə çatmaq üçün bütün imkanlarından istifadə edə bilər. Ekspert Rusiyanın ballistik raketlərdən, o cümlədən "Oreşnik" kimi sistemlərdən daha intensiv istifadə etməsinin mümkün olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, taktiki nüvə silahından istifadə ehtimalı da tamamilə istisna edilmir. Ramaldanovun sözlərinə görə, belə bir addımın məqsədi Ukraynanı danışıqlar masasına məcbur etmək ola bilər. O vurğulayıb ki, bu məsələ hazırda çox təhlükəli ssenarilərdən biri kimi müzakirə olunur və Rusiyanın ictimai-siyasi mühitində də zaman-zaman bu istiqamətdə çağırışlar səslənir.

“İkinci Dünya Müharibəsindən sonra nüvə silahından real istifadə baş verməyib və beynəlxalq səviyyədə bunun qarşısını almaq üçün müxtəlif məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, nüvə texnologiyaları və onların daşıyıcı sistemləri inkişaf etməyə davam edir. Rusiyanın nüvə silahına əl atması ehtimalını tamamilə istisna etmək mümkün deyil”-deyən ekspertin fikrincə,

belə bir ssenarinin iki mümkün nəticəsi ola bilər: ya dünya yeni və daha genişmiqyaslı qarşıdurma ilə üz-üzə qalacaq, ya da Ukrayna ciddi təzyiq altında danışıqlara məcbur ediləcək. Bununla belə, ekspert vurğulayıb ki, mövcud məlumatlar əsasən açıq mənbələrə və media xəbərlərinə əsaslandığından qəti proqnoz vermək çətindir.

Şair Ramaldanov sonda qeyd edib ki, həm Rusiya, həm də Ukrayna artıq uzun sürən müharibədən yorulub. Onun qənaətincə, hər iki tərəfdə münaqişəni başa çatdırmaq niyyəti hiss olunur və qarşıdakı dövr bu istiqamətdə atılacaq addımlar baxımından həlledici ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »