ABŞ Konqresindəki Demokrat Partiyasından olan senatorlar hazırkı prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın hazırlanması üçün ayrılan vəsaitin yoxlanılmasını tələb edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, demokrat senatorlar ABŞ Maliyyə Nazirliyinin Baş Müfəttişliyinə müraciət edərək “qanunsuz 250 dollarlıq əskinas” adlandırdıqları layihə üzrə xərclərin araşdırılmasını xahiş ediblər. ABŞ qanunvericiliyinə əsasən, pul əskinasları və qiymətli kağızlar üzərində yalnız “ölmüş şəxslərin portreti” ola bilər.
“Müəssisələr qiymət artımı ilə üzləşməyə davam edərkən, Maliyyə Nazirliyi diqqətini əsas iqtisadi problemlərin həllinə yönəltməli, prezidentin özünü təbliğ etdiyi görünən bu kimi layihələrə resurs ayırmamalıdır”, – deyə demokratların məktubunda qeyd olunur.
ABŞ Maliyyə naziri Skott Bessent daha əvvəl bildirmişdi ki, Konqres bu təşəbbüsü dəstəkləməzsə, hökumət Trampın təsviri olan 250 dollarlıq əskinasın dövriyyəyə buraxılmasını irəli sürməyəcək. “The Washington Post”un məlumatına görə, Maliyyə Nazirliyi belə bir əskinas ideyasını müzakirə edir və bu baş verərsə, Tramp son 150 ildə sağ ikən ABŞ pul əskinasında təsvir olunan ilk şəxs olacaq.
Bizimyol.info






