Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölənlə ölmək olmur, amma...
"Ölənlə ölmək olmur, amma...

Bizim cəmiyyətdə yas necədir? Adamlar çalışır ehsanı - plovu, ya da bozbaşı mümkün qədər tez yeyib, çıxıb getsin... mərhumu unutmağa!

Başqa şəhərə, ya uzaq kəndə yas yerinə gedənlər, yolüstü restorana dönür, yeyib-içirlər, hətta spirtli içki ilə, özlərinin dediyi kimi, boğazlarını yaşlayırlar. Adını da qoyurlar "yasdan çıxmaq" (!)

Yəni reallıqdan qopmaq - öləni unutmaq üçün spirtli içkini köməyə çağırırlar; mərhumla bağlı xatirələri, yasın təəssüratlarını spirtlə yuyub yaddaşlarından "təmizləyirlər".

Beləcə öz normal (ya da anormal!) həyatlarına (salamat) qaldıqları yerdən davam edirlər.

Amma və lakin!

Yas da bir mədəniyyətdir. Bəli, ölənlə ölmək olmur. O qədimdə idi - ağa öləndə nökəri də öldürüb, onunla basdırırdılar...

İndi belə deyil: hərə öz vaxtında gedir... Varlı, ya kasıb - fərqi yoxdur, hərə öz vədəsi dolanda gedir.

İndi "rəiyyət" lap istəsə də, "ağası" ilə birlikdə ölə bilməz...

Ölənlə ölmək mümkün olmur - dedim axı.

Ancaq guya qalanla qalmaq asan olur?!

Elə olur, adamlar səni o hala salır, o yerə gətirir, deyirsən: "Allah, mənə ölüm ver".

Çox vaxt elə ölümün də ucuzundan istəyirsən. Elə bil onun da pulunu verib alacaqsan. Pis adamın əlindən bezib boğaza yığılmış yaxşı bir insan, ömründə neçə dəfə Allahdan ucuz ölüm istəyir.

Bəlkə də heç ürəkdən istəməmisən, ya da lap ürəkdən istəyib sonra da peşman olmusan. Amma...Allah, bir də görürsən, duanı eşitdi.

Sonra da deyirlər, yaxşı getdi, pis qaldı...

Fəqət...

Bir məsələ də var axı. İndiki resessiya dövründə, hazırkı bahaçılıqda çox diri də elə ölü kimidir. "Sosial lift" işləmir - heç kəs öz biliyinə və bacarığına uyğun iş tapa bilmir. Əgər pulu və güclü dayağı yoxdursa, irəli getmək mümkünsüzdür. Maaşlar az, gizli inflyasiya yüksək...

Yaşamaqla ölməyin arasında fərq... getdikcə azalır.

Belə yerdə deyirlər: "İndi ölünü qoy, dirini ağla..."

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »