Amerikalıların böyük hissəsi hesab etmir ki, İranla müharibə ABŞ-ın mövqelərini gücləndirib və ya uzunmüddətli sülhə yaxınlaşdırıb.
Bizimyol.info xəbər verir ki, “Ipsos”un yeni sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 23%-i münaqişədən sonra Vaşinqtonun əvvəlkindən daha güclü vəziyyətə düşdüyünə əmindir.
ABŞ sakinləri Donald Trampın İranla imzaladığı anlaşma memorandumuna da daha çox skeptik yanaşır. Sorğuda iştirak edənlərin 63%-i bu razılaşmanın iki ölkə arasında dayanıqlı sülhə gətirib çıxarmayacağını düşünür. Yalnız 18% belə bir ssenarinin mümkün olduğunu hesab edir.
İştirakçıların cəmi 24%-i müharibənin enerji qiymətlərinin artması da daxil olmaqla iqtisadi nəticələrini “əsaslandırılmış” sayıb. Respondentlərin demək olar yarısı isə münaqişənin çəkilən xərclərə dəymədiyi qənaətindədir.
Araşdırma Donald Trampın şəxsi reytinqində də nəzərəçarpan enişi qeydə alıb. Onun dəstək səviyyəsi 34%-ə düşüb və bu, hazırkı prezidentlik dövründə ən aşağı göstərici hesab olunur.
Bu fonda prezident Senatda da müqavimətlə üzləşib. Konqresin yuxarı palatası 50 səs “lehinə” və 48 “əleyhinə” olmaqla ABŞ-ın İranla hərbi əməliyyatlarını dayandırması və Yaxın Şərqdən qoşunların çıxarılmasını tələb edən qətnaməni qəbul edib. Sənəd tövsiyə xarakteri daşısa da, Ağ Ev üçün siyasi baxımdan mənfi siqnal kimi qiymətləndirilir. Demokratlarla yanaşı 4 respublikaçı senator da sənədə səs verib, daha 2 nəfər isə bitərəf qalıb.
Səsvermədən sonra Tramp partiyadaşlarını sərt şəkildə tənqid edib: “İran mənim qarşımda demək olar ki, təslim olmağa hazırdır, amma Senat düşmənə kömək edən mənasız bir səsvermə keçirir. Dörd uğursuz respublikaçı axmaq demokratlarla birlikdə səs verdi və işimi daha da çətinləşdirdi. Amma mən hər halda işi sona çatdıracağam”, – deyə prezident "Truth Social" platformasında yazıb.
“Ipsos” sorğusu 1262 yetkin amerikalı arasında aparılıb. Statistik xəta marjası təxminən 3% təşkil edir.
Bizimyol.info






