Hakan Fidanın Moskvaya səfəri ilk baxışda adi diplomatik təmas kimi görünsə də, onun vaxtı və baş verdiyi beynəlxalq şərait nəzərə alındıqda daha geniş geosiyasi mənalar daşıyır. Xüsusilə NATO Sammiti ərəfəsində Türkiyənin ən yüksək səviyyəli diplomatik nümayəndəsinin Rusiyada olması Ankaranın son illərdə həyata keçirdiyi balans siyasətinin davam etdiyini göstərir. Bu səfər yalnız Türkiyə-Rusiya münasibətlərinin mövcud vəziyyəti ilə bağlı deyil, eyni zamanda Türkiyənin dəyişən beynəlxalq sistem daxilində özünü necə mövqeləndirdiyinə dair də mühüm ipucları verir.
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlərdə beynəlxalq sistem getdikcə daha aydın bloklaşma prosesinə daxil olur. Ukrayna müharibəsindən sonra Qərb-Rusiya xəttində gərginlik dərinləşərkən, Avropanın təhlükəsizlik memarlığı yenidən formalaşır. Belə bir dövrdə Türkiyə klassik Soyuq Müharibə məntiqinin əksinə olaraq, tək bir blok daxilində hərəkət etmək əvəzinə, çoxşaxəli diplomatik imkanlarını qorumağa çalışan aktorlardan biri kimi ön plana çıxır. Hakan Fidanın Moskvadakı təmasları da bu yanaşmanın təzahürüdür.
“Putinin görüş zamanı Türkiyə ilə münasibətlərin inkişaf etdiyinə dair vurğusu yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirilməməlidir. Moskva baxımından Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiya ilə birbaşa və fasiləsiz əlaqə qura bilən nadir ölkələrdən biridir. Xüsusilə Avropa ölkələrinin böyük hissəsinin Rusiya ilə siyasi təmaslarını minimum səviyyəyə endirdiyi mövcud şəraitdə Ankaranın malik olduğu diplomatik çıxış imkanları Moskva tərəfindən strateji dəyər kimi qəbul edilir. Buna görə də Kremlin Türkiyəyə yönəlik müsbət açıqlamaları yalnız ikitərəfli münasibətlərin vəziyyətini deyil, eyni zamanda Rusiyanın Qərb qarşısında diplomatik təcridini aradan qaldırmaq cəhdlərini də əks etdirir”, – deyə ekspert bildirib.
O vurğulayıb ki, Ankara baxımından məsələnin mahiyyəti yalnız Rusiya ilə yaxşı münasibətləri davam etdirmək deyil. Türkiyə son illərdə xarici siyasətində “strateji muxtariyyət” anlayışını gücləndirməyə çalışır. Bu yanaşma Türkiyənin nə Qərbdən uzaqlaşmasını, nə də Rusiya oxuna yönəlməsini ifadə edir. Əksinə, müxtəlif güc mərkəzləri ilə eyni zamanda münasibətlər qurmaq imkanını qoruyaraq milli maraqlarını maksimum səviyyədə reallaşdırmağı hədəfləyir. Moskva səfəri də bu strateji muxtariyyət anlayışının praktik təzahürlərindən biri kimi qiymətləndirilə bilər.
Mehmet G. Özçubukçu hesab edir ki, səfərin digər mühüm istiqaməti Ukrayna müharibəsidir. Son aylarda müharibənin xarakterində mühüm dəyişikliklər baş verir. Cəbhə xəttində klassik hərbi mübarizə tədricən strateji tükəndirmə müharibəsi ilə əvəz olunur.
Ukraynanın Rusiya logistika şəbəkələrinə, enerji infrastrukturuna və kritik nəqliyyat xətlərinə qarşı həyata keçirdiyi əməliyyatlar müharibənin xərc yükünü artırmağı hədəfləyir. Bu vəziyyət qarşıdurmanın yalnız hərbi deyil, həm də iqtisadi və psixoloji ölçülərini dərinləşdirir. Belə bir şəraitdə Türkiyənin həm Kiyev, həm də Moskva ilə danışa bilən bir aktor kimi ön plana çıxması diqqət çəkir. Ankara müharibəni sona çatdıracaq diplomatik həllin qısa müddətdə mümkün olmadığını bilsə də, danışıqlar kanallarının tamamilə bağlanmasının qarşısını almağa çalışır.
“Qara dəniz məsələsi isə Türkiyə üçün ən kritik amillərdən biridir. Qara dəniz artıq yalnız regional dəniz hövzəsi deyil, Rusiya-NATO rəqabətinin ən mühüm təmas sahələrindən birinə çevrilib. Enerji nəqli xətləri, taxıl dəhlizləri, dəniz təhlükəsizliyi və hərbi hərəkətlilik kimi məsələlər Türkiyənin milli təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Buna görə də Ankaranın Moskva ilə təmaslarını davam etdirməsi yalnız diplomatik seçim deyil, eyni zamanda təhlükəsizlik zərurətidir. Türkiyə Qara dənizdə nəzarətsiz gərginliyin ilk təsirlərini hiss edəcək ölkələrdən biri olduğunu yaxşı anlayır”, – deyə ekspert bildirib.
Mehmet Gökhan Özçubukçunun fikrincə, NATO Sammiti ərəfəsində baş tutan bu səfər həm də Türkiyənin alyans daxilindəki mövqeyinə dair mühüm mesajlar ehtiva edir. Ankara NATO üzvlüyünü müzakirə mövzusuna çevirmədən Rusiya ilə əlaqələri davam etdirməyin mümkün olduğunu nümayiş etdirməyə çalışır. Bu vəziyyət zaman-zaman Qərb müttəfiqləri tərəfindən tənqid olunsa da, Türkiyə baxımından ziddiyyət kimi qiymətləndirilmir. Çünki Ankaraya görə regional böhranların idarə olunması üçün yalnız çəkindirmə deyil, eyni zamanda diplomatiya da zəruridir.
“Hakan Fidanın Moskvaya səfəri Türkiyə-Rusiya münasibətlərindən daha geniş mənada, Türkiyənin yeni beynəlxalq nizamda oynadığı rolu anlamaq baxımından əhəmiyyət daşıyır. Ankara artan geosiyasi qütbləşmə şəraitində tərəflərdən birinin davamçısı olmaq əvəzinə, müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qoruyan və böhranların idarə olunmasında vasitəçilik qabiliyyətini saxlayan bir aktor kimi mövqelənməyə çalışır. Moskva səfəri də bu strateji yanaşmanın aktual və konkret təzahürü kimi qiymətləndirilə bilər”, – deyə o fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






