Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik bildirib ki, ölkə Rusiya ilə cəbhənin faktiki xətti boyunca atəşkəs təklifi üzrə mövqeyini yenidən nəzərdən keçirə bilər. Onun sözlərinə görə, Ukraynanın səbrinin “hədsiz olmadığı” artıq açıq şəkildə görünür.
Bizimyol.info xəbər verir ki, Melnik BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı xatırladıb ki, Ukrayna dəfələrlə Şuradan tam və qeyd-şərtsiz atəşkəs barədə qətnamə qəbul etməsini tələb edib. Lakin bu çağırışların nəticəsiz qaldığını deyib.
“Ukraynanın uzadılmış əli havada qaldı,” – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Kiyev ədalətli və dayanıqlı sülh üçün Rusiya ilə birbaşa danışıqlara hazırdır, lakin proses uzandıqca Ukraynanın mövqeyi dəyişə bilər. Melnik açıq şəkildə qeyd edib ki, cəbhə xətti boyunca atəşkəs artıq “böyük kompromisdir” və bu təklif də dəyişdirilə bilər.
Diplomat həmçinin müharibənin gedişində Ukraynanın mövqeyinin gücləndiyini iddia edib. Onun sözlərinə görə, son dövrdə Rusiya neft emalı zavodlarının təxminən 40 faizi zədələnib və hərbi istehsala tam dəstək verə bilmir.
Melnik əlavə edib ki, hətta Moskvanın ətrafında qurulan və ölkənin müxtəlif bölgələrindən gətirilmiş hava hücumundan müdafiə sistemləri də hərbi obyektləri tam qorumağa kifayət etmir. “Bu, yalnız başlanğıcdır,” – deyə o bildirib.
BMT nümayəndəsi həmçinin müharibənin təsirlərinin getdikcə Rusiya ərazisinə daha çox yayıldığını vurğulayıb və “müharibənin bumeranqı geri qayıdır” ifadəsini işlədib.
Məlumata görə, Ukrayna və ABŞ hazırda cəbhə xətti boyunca mərhələli atəşkəs variantlarını müzakirə edir. Planlardan biri 50–70 km enində zonada döyüşlərin dayandırılmasını, daha sonra isə genişmiqyaslı razılaşmanın əldə olunmasını nəzərdə tutur.
Bununla yanaşı, Rusiya tərəfi isə müharibə ilə bağlı əvvəlki razılaşmaların icrasını gözləmədiyini və öz məqsədlərinə nail olmağa fokuslandığını bildirir.
Bizimyol.info






