NATO-nun Brüsseldəki toplantıları və Ankara Zirvəsi öncəsi Türkiyənin mövqeyi gündəmdə yer alıb. Milli Müdafiə naziri Yaşar Güler NATO-nun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmasının vacibliyini vurğulayaraq, Ankara Zirvəsinin strateji bir dönüş nöqtəsi olacağını bildirib. Güler Türkiyənin NATO-ya güclü hərbi töhfələr verdiyini və müdafiə sənayesinin Alyansın çəkindirmə gücünü artırdığını qeyd edib. O, həmçinin Türkiyənin Ukrayna, Yaxın Şərq və Şərqi Aralıq dənizi kimi kritik bölgələrdə aktiv və həlledici rol oynadığını bildirib.
Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO zirvə toplantısı NATO-nun strateji və konseptual baxımdan çox ciddi bir dəyişikliyə və transformasiyaya səbəb olacaq bir görüş olacaq. Bu baxımdan, bu, çox böyük əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, bu dəyişikliyin səbəbi və əsaslandırılması Ukrayna–Rusiya müharibəsi ilə bağlıdır. Politoloq qeyd edib ki, son illərdə ABŞ-ın 80 illik Transatlantik alyansdan tədricən geri çəkildiyi müşahidə olunur və bu proses NATO-nun strukturunda dəyişikliklərə yol açır. Onun fikrincə, Avropa təhlükəsizlik məsələlərində daha çox tək qalmağa başlayır və nəticədə NATO daha çox Avropa mərkəzli bir hərbi-siyasi quruma çevrilir.
İnaç bildirib ki, bu proses NATO-nun silah, sursat və strategiya baxımından da Avropa yönümlü transformasiyasına gətirib çıxarır. Eyni zamanda, Balkanların Avropa İttifaqına inteqrasiyası ilə paralel olaraq “Balkan NATO-su” kimi yeni təhlükəsizlik formatlarının yaranması ehtimalı da gündəmdədir. Onun fikrincə, baş verən müharibələr – xüsusilə Ukrayna–Rusiya müharibəsi və İranla bağlı gərginliklər – göstərir ki, ABŞ-a etimad məsələsi dəyişir və Avropa öz təhlükəsizlik və müdafiə arxitekturasını daha müstəqil şəkildə qurmalıdır.
Politoloq vurğulayıb ki, bu proses zamanı Avropa hərbiləşir və daha çox silahlanır. Onun sözlərinə görə, hazırda Avropa və NATO üzv ölkələri demək olar ki, sinonimə çevrilib, lakin alyansdan kənarda qalan bir neçə ölkə var ki, onlardan biri də Türkiyədir. Buna görə də NATO-nun özünü yenidən müəyyənləşdirməsi və yenidən strukturlaşdırması vacibdir.
İnaç əlavə edib ki, bu dövrdə NATO-nun Asiya-Sakit okean regionuna, xüsusilə Cənubi Koreya və Yaponiya kimi ölkələrə doğru genişlənməsi də müşahidə olunur. Onun fikrincə, NATO-nun təsir gücü bir qədər zəifləyir, genişlənir və əvvəlki klassik təsir modelini qismən itirir. Lakin bu dəyişikliklər xüsusilə Yaxın Şərq, Balkanlar və Qafqaz üçün yeni geosiyasi reallıqlar yaradır. O, həmçinin Avropanın Rusiya tərəfindən təhlükə və təhdid kimi qiymətləndirildiyini də qeyd edib.
İradə Cəlil, Bizimyol.info






