Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın açıqlamaları nəyə hesablanıb?
Trampın açıqlamaları nəyə hesablanıb?

ABŞ–İsrail–İran müharibəsi fonunda İsrail və İran arasında mümkün qazanc və itkilər məsələsi ekspertlər tərəfindən müxtəlif aspektlərdən qiymətləndirilir.

Politoloq Xəyal Bəşirovun Bizimyol.info-ya açıqlamasına görə, İsrail ilk mərhələdə İranın hərbi-siyasi rəhbərliyinə ciddi zərbələr endirməyə nail olub. Onun sözlərinə görə, Ali Dini Liderə yaxın çevrələrdən bir sıra generallar, müdafiə naziri, qərargah rəisi və digər yüksək vəzifəli şəxslərin zərər gördüyü bildirilir.

Eyni zamanda qeyd olunur ki, İsrail 1967-ci ildən sonra ilk dəfə olaraq Cənubi Livan, Suriya və Qəzza istiqamətində müəyyən ərazi nəzarəti əldə edib. Politoloqun fikrincə, İsrail bu ərazilərdə mövqelərini qorumaq üçün ciddi səylər göstərir və hazırkı danışıqlarda həmin bölgələrdən çıxışla bağlı konkret tələb gündəmdə deyil.

Bununla paralel olaraq İranın əsas tələbləri bütün cəbhələrdə döyüşlərin dayandırılması istiqamətində cəmlənir. Lakin görünən odur ki, Tehran İsrailin Qəzza, Livan və Suriyadan çıxması məsələsində o qədər də aktiv və sərt mövqe sərgiləmir. Daha çox diqqət Hizbullah kimi proksi qüvvələrin qorunub saxlanılmasına yönəldilir.

Politoloqun fikrincə, İran da öz növbəsində regiondakı proksi qüvvələrin saxlanması və gücləndirilməsi istiqamətində müəyyən nəticələr əldə edib. Eyni zamanda İran rejiminin devrilmədiyi, əksinə, ölkə daxilində müəyyən konsolidasiya meyllərinin müşahidə olunduğu vurğulanır.

Körfəz regionu ilə bağlı vəziyyət də İranın strateji baxışında mühüm yer tutur. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan gərginlik və onun potensial bağlanması ehtimalı Tehranın əlində ciddi təsir vasitəsi kimi qiymətləndirilir. İranın zənginləşdirilmiş uran ehtiyatlarının hələ də ölkə daxilində qalması da danışıqlarda onun mövqeyini gücləndirən amillərdən biri kimi qeyd olunur.

Bundan başqa, İran dondurulmuş maliyyə vəsaitlərinin qaytarılması, sanksiyaların yumşaldılması və ya aradan qaldırılması kimi məsələləri də danışıqlar masasında irəli sürür. Bu isə uzun müddətdir Tehranın əsas tələblərinin yenidən gündəmə gətirilməsi deməkdir.

Politoloqun fikrincə, hazırkı danışıqların hansı istiqamətdə inkişaf edəcəyi zamanla daha aydın görünəcək. Onun sözlərinə görə, Donald Trampın bu proseslə bağlı açıqlamaları daha çox daxili auditoriyaya hesablanıb. Eyni zamanda ABŞ, Qərb, İsrail və İran mediasında danışıqlar bəzən fərqli çərçivələrdə təqdim olunur və bu da prosesin informasiya müharibəsi fonunda davam etdiyini göstərir.

Xəyal Bəşirov hesab edir ki, hazırkı mərhələdə ABŞ-ın bu prosesdə manevr edib-etmədiyi və ya müəyyən məcburiyyət qarşısında qalıb-qalmadığı gələcəkdə daha aydın görünəcək. Mövcud mənzərə isə danışıqlardakı bəzi müddəaların daha çox İranın mövqeyinə uyğun gəldiyini və onun maraqlarını əks etdirdiyini göstərir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »