Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşağı borc siyasəti iqtisadi uğurun təminatı ola bilərmi?
Aşağı borc siyasəti iqtisadi uğurun təminatı ola bilərmi?

Azərbaycanda xarici borcun ÜDM-də payının cəmi 6 faiz olması və valyuta ehtiyatlarının borcu 20 dəfə üstələməsi ölkənin maliyyə dayanıqlığını göstərən əsas göstəricilərdən biridir.

Prezident İlham Əliyevin sözlərinə görə, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində imzalanacaq yeni sazişlər infrastruktur layihələrinin həyata keçirilməsinə və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verəcək. Dövlət başçısı vurğulayıb ki, ölkədə sabit maliyyə vəziyyəti və tarazlaşdırılmış büdcə iqtisadi inkişaf üçün əlverişli zəmin yaradır.

Azərbaycanın xarici borcunun aşağı səviyyədə saxlanılması ölkənin iqtisadi inkişafına hansı üstünlükləri qazandırır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xarici borcun aşağı səviyyədə olması və valyuta ehtiyatlarının çox olması təkbaşına ölkənin iqtisadi rifahının yüksək olması demək deyil. Dünyanın bir çox inkişaf etmiş Avropa ölkələrində dövlət borcunun ÜDM-ə nisbəti daha yüksək, valyuta ehtiyatları isə nisbətən aşağı olsa da, həmin ölkələrdə vətəndaşların gəlirləri, sosial təminatı və həyat keyfiyyəti daha yüksəkdir.

Bunun əsas səbəbi iqtisadiyyatın diversifikasiyası, güclü özəl sektor, yüksək məhsuldarlıq, inkişaf etmiş institutlar və insan kapitalına qoyulan investisiyalardır.

Bu baxımdan, Azərbaycanın xarici borcunun aşağı olması maliyyə sabitliyi və iqtisadi təhlükəsizlik baxımından müsbət göstərici sayılsa da, iqtisadi uğurun əsas meyarlarından biri əhalinin rifah səviyyəsinin yüksəlməsi, real gəlirlərin artması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, eləcə də dayanıqlı məşğulluğun təmin edilməsidir.

Məhz buna görə də qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu sahənin genişlənməsi yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının artırılmasına, büdcə gəlirlərinin daha dayanıqlı mənbələr hesabına formalaşmasına və ölkənin neft qiymətlərindəki dəyişikliklərdən asılılığının azalmasına şərait yaradır”, – deyən iqtisadçı bildirib ki, uzunmüddətli perspektivdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, innovasiya və texnologiyaların tətbiqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi həm maliyyə sabitliyinin, həm də vətəndaşların sosial rifahının yüksəlməsinin əsas şərtləri hesab olunur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »