Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Strateji güvən yoxlaması” – İran–ABŞ münasibətlərində əsas açar məqam
“Strateji güvən yoxlaması” – İran–ABŞ münasibətlərində əsas açar məqam

“İran istəyirsə ki, bölgədə və dünyada sülh və sabitlik olsun, bu məsələlər sadəcə sözlə, ritorika ilə və ya şüarlarla səsləndirilməməli, həqiqətən də bunun üçün real addımlar atılmalıdır. Amerika tərəfi də bu istiqamətdə strateji güvən yoxlaması aparmağa çalışır. Əgər bu güvən formalaşarsa, o zaman gələcəkdə yeni müzakirələrin ciddi nəticələr verə biləcəyini söyləmək mümkün olar”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün şərtlərin yerinə yetirilməsi heç də asan deyil. Çünki rejimin öz daxilində də çox ciddi təsiredici qüvvələr var ki, ümumiyyətlə İranla ABŞ arasında normal münasibətlərin qurulmasında maraqlı deyillər. Həmin radikal qruplar daha çox onun tərəfdarıdırlar ki, İran rejimi bütün danışıqları dayandırmalı, Amerikaya güvənməməli və ona qarşı yalnız intiqam siyasəti yürütməlidir. Onların fikrincə, bu intiqamın təzahürü İsrail dövlətinin yer üzündən silinməsi, məhv edilməsi, eyni zamanda Əli Xamenei və digər öldürülən şəxslərin qisasının İran tərəfindən alınması ola bilər.

Siyasi şərhçi hesab edir ki, bütün bunlar ciddi maneələr yaradır. Rejimin öz daxilində mövcud olan bu maneələrin hansı proseslərə və hansı təhlükəli məqamlara gətirib çıxaracağını ayrıca müzakirə etmək lazımdır. Zaman keçdikcə bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyini görəcəyik. İndiki mərhələdə müşahidə edirik ki, rejim hətta həmin memorandumun mətnini belə açıqlamaqda çətinlik çəkir. O, memorandumun mahiyyətinin və rəsmi məzmununun ictimaiyyətə məlum olmasını istəmir. Çünki bunun İran daxilində hansı problemləri yarada biləcəyindən ehtiyat edir.

Ekspert hesab edir ki, onlar ölkə daxilindəki radikal qrupların reaksiyasını da nəzərə alırlar. Rejimin öz daxilində ciddi qarşıdurmalar yarana bilər və bu qarşıdurmalar yalnız söz səviyyəsində qalmaya, hətta qanlı toqquşmalara çevrilə bilər.

“Bütün bunları nəzərə aldıqda demək olar ki, bu 14 bəndlik memorandum zahirən İrana müəyyən imkanlar və şərait yaradır. Lakin əslində proseslərin gedişi, müzakirə predmetləri, yekun nəticələrin necə olacağı, mövcud maneələr və imkanlar daha vacib məsələlərdir. İran tərəfinin danışıqlar aparan tərəf kimi nə dərəcədə siyasi və ideoloji dəstəyə sahib olacağı, daxildə bu müzakirələri davam etdirib-etdirə bilməyəcəyi də mühüm amildir”, – deyə Sadiq İsabəyli bildirib.

O, əlavə edib ki, Amerikanın öz daxilində də bu məsələlərə vahid yanaşma yoxdur. ABŞ siyasi elitası daxilində də müəyyən fikir ayrılıqları mövcuddur. Tramp administrasiyasının daxilində də bu memorandumla bağlı fərqli mövqelər var.

“Məsələn, bəzi şəxslər bunu müsbət qarşılamır, digərləri isə daha müsbət yanaşırlar. Vitse-prezident bu məsələyə daha konstruktiv baxır və hesab edir ki, burada daha dərin strateji yanaşma mövcuddur. Lakin tərəflər problemin həlli yollarını fərqli şəkildə görürlər”.

Təbii ki, burada İsrail dövlətinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. İsrail hesab edir ki, İran rejimi və onun proksi qüvvələri təhlükə mənbəyidir. İranın ballistik və uzunmənzilli raket proqramları, eləcə də nüvə proqramı İsrail üçün ciddi təhdid hesab olunur. İsrailin mövqeyinə görə, bu təhdidlər aradan qalxmayana qədər təhlükə də aradan qalxmış sayılmayacaq. Hətta bəzi dairələr İran rejiminin öz mövcudluğunu belə təhlükə kimi qiymətləndirirlər.

Ekspert hesab edir ki, burada əsas məsələ ondan ibarətdir ki, İran adlanan ölkə və həmin siyasi coğrafiyada mövcud olan istənilən siyasi rejim, ideoloji olub-olmamasından asılı olmayaraq, müəyyən mənada təhlükə mənbəyinə çevrilə bilər. O qeyd edir ki, bu rejim getsə və yerinə başqa bir rejim gəlsə belə, zaman keçdikcə oxşar təhlillər yenidən formalaşa bilər. Çünki İranın reallığı ondan ibarətdir ki, həmin siyasi coğrafiyada qeyri-fars millətlər yaşayır.

Əgər hər hansı rejim bu reallıqları qəbul etmirsə və ictimai-siyasi münasibətlərini buna uyğun formalaşdırmırsa, həmin millətlərə – o cümlədən kürdlərə və digər xalqlara ictimai, siyasi və iqtisadi inkişaf imkanları vermirsə, o zaman güclü və mərkəzləşdirilmiş hakimiyyət modelini qorumağa çalışacaq. Belə olduqda isə həmin hakimiyyət özünü daha da silahlandırmağa və gücləndirməyə meylli olacaq. Bu güclənmə prosesində nüvə proqramları, uzunmənzilli ballistik raketlər və digər hərbi layihələr ön plana çıxır. Eyni zamanda proksi qüvvələrdən istifadə və terror xarakterli fəaliyyətlər də bu siyasətin tərkib hissəsinə çevrilə bilər.

Ekspert vurğulayıb ki, bunun müəyyən nümunələrini Pəhləvi dövründə də görmüşük, İslam Respublikası dövründə də. Məhəmməd Rza Pəhləvinin hakimiyyəti illərində də müəyyən qruplara maddi və hərbi dəstək verilməsi halları mövcud idi. Bu, sonradan daha geniş və ideoloji çalarlar qazanmış formada davam etdi. Livanda şiələrin təşkilatlanması, onların siyasi proseslərə cəlb olunması, İsrailə təzyiq siyasəti, İraqda müxtəlif qruplarla münasibətlər və digər proseslər həmin dövrlərdə də müəyyən formada mövcud olmuşdu.

“Bu, tarixdə artıq sınaqdan keçmiş bir məsələdir və nəzərdən qaçırılmamalıdır. Dünya dövlətləri və region ölkələri bilməlidirlər ki, İran mərkəzləşdirilmiş siyasi rejim kimi mövcud olduqca, onun ideoloji mahiyyətindən asılı olmayaraq, müəyyən təhlükə potensialı da qalacaq. Belə bir şəraitdə demokratik institutların formalaşması, vətəndaş hüquq və azadlıqlarının genişləndirilməsi məsələləri də arxa plana keçə bilər.

Amma görünür ki, Amerika bu məsələdə israrlıdır və hesab edir ki, İran rejimi ideoloji qabığını dəyişərsə, normallaşma prosesinə daxil ola bilər. İsrail isə həm mövcud rejimin, həm də Pəhləvi dövrünün mahiyyətini yaxşı bildiyini əsas gətirərək düşünür ki, bu rejimlə aparılan danışıqlar ciddi nəticə verməyəcək”, – deyə Sadiq İsabəyli bildirib.

O əlavə edib ki, bütün bu proseslər çox detallı müzakirələrə və geniş izahlara ehtiyac duyur. O, qeyd edib ki, bu istiqamətlər üzrə əsas məqamları bölüşüb. Təbii ki, zaman keçdikcə bir çox məsələlər daha da aydınlaşacaq və proseslərin hansı istiqamətdə inkişaf etdiyini hamımız daha dəqiq görəcəyik.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »