ABŞ-ın Texas Universitetinin tədqiqatçıları havadakı rütubəti toplayaraq onu içməli suya çevirməyə imkan verən innovativ material hazırlayıblar. Bu texnologiya əsasında artıq insanı demək olar ki, istənilən şəraitdə su ilə təmin edə bilən gödəkçə prototipi də hazırlanıb.
Bizimyol.info xəbər verir ki, məlumata görə, yeni parça atmosferdəki su buxarını udan və onu xüsusi çıxarıla bilən konteynerlərə yönləndirən sistem kimi işləyir. Yığılan rütubət daha sonra bu rezervuarlarda toplanır və ayrıca modul vasitəsilə emal olunur.
Layihənin müəlliflərindən biri, professor Quyhva Yu bildirib ki, əsas məqsəd texnologiyanı yalnız laboratoriya səviyyəsində saxlamaq deyil, onu gündəlik həyatda istifadə oluna bilən portativ həllə çevirmək olub.
Sistemdə toplanan su daha sonra xüsusi modulda qızdırılır və kondensat içməli suya çevrilir. Aparılan sınaqlar zamanı hava rütubətindən asılı olaraq gündə 400–900 millilitr arasında içməli su əldə etmək mümkün olub.
Tədqiqatçılar bildirirlər ki, layihənin əsas üstünlüklərindən biri modul quruluşdur: su birbaşa parçanın içində yığılmır, əksinə təhlükəsiz şəkildə ayrıca rezervuarlara ötürülür. Bu isə texnologiyanı daha praktik və təhlükəsiz edir.
İlkin mərhələdə laboratoriya şəraitində sınaqdan keçirilən texnologiya daha sonra geyilə bilən geyimə inteqrasiya edilib. Hazırda alimlər bu materialın yalnız gödəkçələrdə deyil, həm də bel çantalarında, çadırlarda və digər səyahət və xilasetmə avadanlıqlarında istifadəsini araşdırırlar.
Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə xilasetmə əməliyyatlarında, humanitar böhran bölgələrində, eləcə də uzaq ərazilərdə su çatışmazlığı olan ekspedisiyalarda böyük əhəmiyyət kəsb edə bilər.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə belə materiallar fövqəladə vəziyyətlərdə və iqlim dəyişiklikləri ilə bağlı su təminatı problemlərinin həllində mühüm rol oynaya bilər.
Bizimyol.info






