Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İndi qərarı Putin verməlidir” – Rusiya və Ukrayna arasında danışıqlara dair açıqlama
“İndi qərarı Putin verməlidir” – Rusiya və Ukrayna arasında danışıqlara dair açıqlama

Almaniyanın xarici işlər naziri Yohann Vadeful RTL kanalının “Nachtjournal Spezial” proqramında çıxış edərək Rusiya ilə Ukrayna arasında yeni danışıqların bu yay baş tuta biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, nazirin fikrincə, Rusiya lideri Vladimir Putin hazırda danışıqlara daha açıq mövqe nümayiş etdirir.

“Düşünürəm ki, bu yay danışıqlara başlamaq üçün şans var. Ola bilsin ki, o hazırda bu barədə ciddi şəkildə düşünən mərhələdədir”, – deyə Vadeful vurğulayıb.

Onun sözlərinə görə, hazırda müharibə tərəflərdən heç birinə həlledici hərbi üstünlük qazandırmır. “Baş verən yeganə şey ölümdür. Hər gün”, – deyə nazir bildirib.

O, xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenkonun bəyanatına istinad edərək qeyd edib ki, nə Rusiya, nə də Ukrayna bu müharibəni hərbi yolla qazana bilməyəcək. Vadeful bunu “Putinin çox yaxın müttəfiqindən maraqlı açıqlama” adlandırıb. “Ukrayna artıq uzun müddətdir danışıqlara hazırdır. İndi isə Vladimir Putin qərar verməlidir: danışıqlar aparmaq, yoxsa atəşə davam etmək”, – deyə nazir qeyd edib.

O, həmçinin Kreml siyasətində mümkün dəyişikliklərə dair ehtiyatlı optimizm ifadə edib. Vadefulun sözlərinə görə, Putin anlamalıdır ki, müharibənin davam etməsi artıq məntiqli deyil. “Ukraynaya dəstək zəifləməyəcək, eyni zamanda sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Real yanaşsaq, o, nəticəyə gəlməlidir ki, indi danışıqlar üçün uyğun zamandır. Münaqişənin həlli üçün real imkan var”, – deyə o əlavə edib.

Bundan əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rubi ilə görüşdən sonra müharibənin dayandırılması üzrə danışıqların bərpası üçün şansın yarandığını bildirmişdi. O, həmçinin ABŞ dövlət katibinə Putinin Kiyev-Peçersk Lavrası və digər mülki, mədəni və tarixi obyektlərə endirdiyi zərbələr barədə məlumat verib.

“Biz sülhə doğru artan dinamika görürük və ABŞ-ın qəti liderliyi və fəal iştirakına ümid edirik”, – deyə Sibiqa vurğulayıb.

Qeyd edək ki, Avropa Rusiyayla danışıqların artıq gələn ay başlamasını istəyir. Xüsusilə Böyük Britaniya, Fransa və Almaniya Rusiyanı müharibəni cəbhə xəttində dayandırmağa məcbur etməyə çalışır, həmçinin Ukraynaya çoxmillətli qüvvələrin yerləşdirilməsi də daxil olmaqla etibarlı təhlükəsizlik zəmanətləri vermək niyyətindədirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »