Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen 2029-cu ildə üçüncü dəfə bu vəzifəyə seçilmək niyyətində deyil.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası sədrinin kabinet rəhbəri Byörn Zaybert yüksək vəzifəli məmurlarla keçirilən qeyri-rəsmi şam yeməyində bu barədə açıqlama verib. Bildirilir ki, bu bəyanatın məqsədi AK daxilində aparılması planlaşdırılan struktur dəyişikliklərinin, guya, səlahiyyətlərin geniş şəkildə hazırkı sədrin əlində cəmlənməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq olub.
Nəşr xatırladır ki, Avropa İttifaqının təsis müqavilələri Komissiya sədrinin vəzifə müddətlərinin sayına məhdudiyyət qoymur. Lakin növbəti seçkilər zamanı fon der Lyayen 70 yaşında olacaq.
Nəşrin daha əvvəl yaydığı məlumata görə, Avropa Komissiyası regional və sosial fondların idarə olunması üçün İnvestisiyalar üzrə Baş Direktorluğun yaradılmasını müzakirə edir. Bu strukturun yaradılması fon der Lyayenin qurum daxilində təsirini daha da gücləndirə bilər. Həmçinin yeni idarənin yaradılması ilə Avropa Komissiyasının ən köhnə qurumlarından biri olan Regional və Şəhər Siyasəti üzrə Baş Direktorluğun ləğvi ehtimalı da gündəmdədir.
Bizimyol.info






