Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Starmer NATO sammiti öncəsi müdafiə xərcləri planını açıqlayacağını vəd edib
Starmer NATO sammiti öncəsi müdafiə xərcləri planını açıqlayacağını vəd edib

Böyük Britaniya hökuməti uzun müddətdir vəd edilən müdafiə investisiyaları planını iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitindən əvvəl dərc edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığında məlumat verib.

Britaniya hökumət başçısının ofisinin yaydığı bəyanatda bildirilir ki, tərəflər ortaq və daim dəyişən təhdidlər fonunda müttəfiqlərin birgə fəaliyyət göstərməsinin, kollektiv müdafiəni gücləndirməsinin və daha sürətli, səmərəli nəticələr əldə etməsinin vacibliyi barədə razılığa gəliblər.

Bəyanatda qeyd olunur ki, Starmer müdafiə investisiyaları planının hazırlanması ilə bağlı məlumat verərək, sənədin NATO-nun Ankara sammitinə qədər açıqlanacağını təsdiqləyib.

Telefon danışığı zamanı Baş nazir həmçinin müdafiə xərclərinin növbəti parlament çağırışı dövründə (2029–2034-cü illər) ÜDM-in 3 faizi səviyyəsinə çatdırılması öhdəliyinə sadiq qaldığını bir daha vurğulayıb. O bildirib ki, milli təhlükəsizliyin təmin edilməsi hökumətin əsas prioriteti olaraq qalacaq və bu istiqamətdə qətiyyətli addımlar atılacaq.

Xatırladaq ki, iyunun 11-də Böyük Britaniyanın müdafiə naziri Con Hili, onun müavini və iki köməkçisi istefa veriblər. Onlar qərarlarını ölkənin müdafiəsinə ayrılan vəsaitin kifayət qədər olmaması ilə əsaslandırıblar.

Mübahisələrin əsas mövzusu məhz müdafiə investisiyaları planı olub. Şənbə günü Starmer və Rütte arasında keçirilən danışıqda da bu məsələ müzakirə edilib. Britaniya mediasının məlumatına görə, hökumət yaxın üç il ərzində müdafiə xərclərini 13,5 milyard funt sterlinq (təxminən 18 milyard ABŞ dolları) artırmaq qərarına gəlib. Halbuki ilkin məlumatlarda bu məbləğin 18 milyard funt sterlinq olacağı bildirilirdi və həmin rəqəmin belə ehtiyac duyulan səviyyədən bir neçə milyard funt az olduğu qeyd edilirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »