13 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blak ilə görüş keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, görüş zamanı Azərbaycan–ABŞ arasında çoxşaxəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər enerji, nəqliyyat-tranzit, yüksək texnologiyalar və investisiya imkanları sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantılarda oynadığı mühüm rol, liman və logistika infrastrukturu, enerji təhlükəsizliyi və regional nəqliyyat layihələri də gündəmdə olub.
Tərəflər 2025-ci ildə Vaşinqtonda keçirilmiş tarixi sammitin Azərbaycan–ABŞ münasibətlərinin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Həmin görüşün iqtisadiyyat, enerji, nəqliyyat əlaqələri, yüksək texnologiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd olunub.
Bu çərçivədə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması məmnunluqla qarşılanıb və sənəd üzrə görülən işlər müzakirə edilib.
Görüşdə həmçinin regional layihələr, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək TRIPP layihəsinin icra məsələləri nəzərdən keçirilib.
Sonda tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.






