ABŞ Müdafiə Nazirliyi 12 iyun tarixində öz rəsmi saytında uçan naməlum obyektlərə (UNO) dair arxiv materiallarının üçüncü paketini yayımlayıb.
Bizimyol.info xəbər verir ki, əvvəllər məxfi olan bu məlumatların açıqlanması layihəsində Ağ Ev, Milli Kəşfiyyat İdarəsi, Energetika Nazirliyi, FTB, NASA və digər qurumlar iştirak edir.
22 mayda Pentaqon ikinci arxiv paketini dərc etmişdi. Həmin materiallar arasında 1 may 2022-ci ildə İraq üzərində qeydə alınmış naməlum uçan obyektin videosu da yer alıb. Videoya əlavə izahda qeyd olunur ki, görüntüdə ehtimal ki, "Su-27" və ya "Su-35" tipli döyüş təyyarəsi ola bilər.
Daha əvvəl, 8 mayda isə birinci arxiv bölməsi ictimaiyyətə təqdim olunmuşdu.
Pentaqon bildirib ki, bu cür sənədlərin mərhələli şəkildə və davamlı olaraq ictimaiyyətə açıqlanması planlaşdırılır.
ABŞ prezidenti Donald Tramp aprelin sonunda UNO-larla bağlı məlumatların açıqlanacağını elan etmişdi. O, ABŞ hərbi pilotları ilə bu mövzunu müzakirə etdiyini və onların “inanılması çətin şeylər gördüklərini” dediklərini bildirmişdi.
Fevral ayında isə Tramp hökumətə “potensial yadplanetli həyat, naməlum anomal hadisələr və UNO-larla bağlı bütün sənədlərin aşkarlanması və açıqlanması prosesinə başlamaq” tapşırığı verəcəyini demişdi.
Bizimyol.info






