Kaja Kallas Avropa İttifaqının (Aİ) diplomatik xidmətində mövcud olan və onun yaradıldığı dövrdən qalan sistemli problemləri daha da kəskinləşdirir.
Bizimyol.info xəbər verir ki, bu barədə Avropa mənbələrinə istinadən "Euronews" telekanalın yaydığı materialda bildirilib.
Məlumatda qeyd olunur ki, bu həftə Fransa tərəfindən Aİ diplomatik xidmətində islahatlarla bağlı irəli sürülən təkliflər də məhz bu kontekstdə şərh edilib. Avropalı diplomatlardan birinin sözlərinə görə, “Kallas dəstək qazanmaq üçün çox şey edir, amma Aİ Şurasında üzv ölkələrin dəstəyini toplamaqda o qədər də uğurlu deyil”.
Kallasın fəaliyyəti xüsusilə Çinlə bağlı bəyanatları, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadə olunması tələbi, ABŞ administrasiyası ilə gərgin münasibətləri və üzv ölkələrlə razılaşdırılmadan təşəbbüslər irəli sürməsi səbəbilə tənqid olunur.
Avropalı diplomatların fikrincə, Kallas bəzən “sanki hələ də Estoniyanın baş naziri kimi davranır, halbuki o, Aİ ölkələrinin ümumi mövqeyini ifadə etməli olan Avropa diplomatiyasının rəhbəridir”.
Telekanal həmçinin bildirir ki, Kallasın addımları Aİ diplomatik xidmətindəki struktur problemləri daha da üzə çıxarır. Bu xidmət “daha sakit dövrlərdə” yaradılıb və hazırkı geosiyasi vəziyyətlə uyğunlaşmaqda çətinlik çəkir.
Mövcud sistemə görə, Aİ diplomatik xidməti həm Avropa Komissiyasına tabedir, həm də xarici siyasətlə bağlı müstəqil təkliflər hazırlamalıdır. Lakin xarici siyasət qərarları yekdillik prinsipi ilə qəbul edildiyindən, istənilən üzv ölkə bu qərarları bloklaya bilir.
Bildirilir ki, əgər bu sistem yenidən qurulsaydı, tamamilə fərqli şəkildə dizayn edilərdi. Bu isə Avropa ölkələrinin Aİ diplomatik sistemində radikal islahat çağırışlarını izah edir.
Qadir, Bizimyol.info






