Ukrayna müharibənin gedişatında təşəbbüsü əldən verməmək üçün Qərb müttəfiqlərindən əlavə 20 milyard dollar həcmində maliyyə dəstəyi almağa çalışır.
Bizimyol.info xəbər verir ki, "Politico" nəşrinin yaydığı məlumata görə, Kiyev bu vəsaiti əsasən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, uzaqmənzilli silahlar və radioelektron mübarizə vasitələrinin alınmasına yönəltməyi planlaşdırır.
Məqalədə diqqət çəkən əsas məqamlardan biri Ukrayna rəsmisinin emosional açıqlaması olub. Adı açıqlanmayan yüksəkvəzifəli mənbə bildirib ki, “hamı Rusiyanın yandığını görür və biz onun daha güclü yanmasını istəyirik”. Bu ifadə Kiyevin son aylarda Rusiyanın hərbi və logistika infrastrukturuna qarşı həyata keçirdiyi intensiv hücumların davam etdirilməsi niyyətini göstərir.
Bildirilir ki, Ukrayna əlavə maliyyə ayrılması məsələsini iyunun 18-də keçiriləcək Müdafiə üzrə Təmas Qrupunun iclasında qaldıracaq. Mənbələrin sözlərinə görə, Norveç, İsveç, Almaniya və Kanada kimi ölkələrdən hər birinin 2-6 milyard dollar arası yardım və ya kredit ayırması gözlənilir.
Hazırda tərəfdaş ölkələr bu il Ukraynaya ümumilikdə 38 milyard dollar həcmində hərbi yardım göstərməyi öhdələrinə götürüblər. Yeni paket təsdiqlənərsə, Kiyev xüsusilə pilotsuz sistemlərin istehsalı və alınmasına üstünlük verəcək. Çünki müharibənin son mərhələsində dronlar döyüş meydanında həlledici amillərdən birinə çevrilib.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Komandanlığının rəhbəri Robert Brovdi bildirib ki, Ukrayna hazırda işğal altındakı Krımı təcrid etmək planını fəal şəkildə həyata keçirir. Onun sözlərinə görə, son bir ay ərzində Ukraynanın zərbələri nəticəsində Rostov–Mariupol–Melitopol–Krım xətti üzrə nəqliyyat axını üçdə ikidən çox azalıb.
Qeyd olunur ki, Ukrayna qüvvələri Çonqar körpüsünə və Armyansk keçidinə ciddi zərbələr endirib. Bu marşrut Rusiyanın Kerç körpüsündən yan keçərək Krıma hərbi və texniki yük daşıdığı əsas quru dəhlizlərindən biri hesab olunur.
Kiyev hesab edir ki, hazırda “imkan pəncərəsi” sürətlə bağlanır. Ukrayna rəsmilərinin fikrincə, əgər Moskva yenidən qüvvələrini toplamaq və texnoloji üstünlük əldə etmək imkanı qazansa, müharibənin gedişi dəyişə bilər. Buna görə də Ukrayna yaxın aylarda həm hərbi təzyiqi, həm də uzaqmənzilli zərbələrin intensivliyini artırmağa çalışır.
Bizimyol.info






