Bəzən bir hadisə təkcə bir ailənin faciəsi olmur — bütöv bir cəmiyyətin içində yığılıb qalan ağrıların üzə çıxması olur. Ramanı ərazisində baş verən son ağır cinayət də məhz belə bir hadisədir. Bir qadın həyatını itirib. Bir ailə parçalanıb. Bir evin içində isə artıq heç vaxt geri qayıtmayacaq bir sükut qalıb.
Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun həyat yoldaşı Gülüzar Məmmədovanın qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə çox sərt reaksiyalar doğurdu. Hadisə ilə bağlı qayınata Adıgözəl Məmmədovun adı çəkilir.
Cəmiyyət çox vaxt hüquqi prosesin səbrini yaşamır. Sosial şəbəkələr başlayır “hökmü” verməyə. Bir tərəf qınayır, digər tərəf müdafiə edir, üçüncü tərəf isə artıq mərhəməti yox, qəzəbi seçir. Və beləliklə, bir cinayətin ətrafında ikinci bir cinayət doğulur — sözlə, damğalama ilə, reputasiya ilə edilən cinayət.
Hadisədən sonra mərhumun şəxsi həyatı ilə bağlı iddiaların, yazışmaların, səslərin paylaşılması isə daha ağrılı bir sual doğurur: biz bir insanı itirdikdən sonra niyə onu yalnız “ittiham materialı” kimi görməyə başlayırıq? Niyə ölüm belə insanı mühakimədən xilas etmir?
Burada bir başqa narahatlıq doğuran məqam da var — “namus”, “qeyrət”, “düz yol” kimi anlayışların emosional silaha çevrilməsi. Bu sözlər bəzən ədaləti yox, qəzəbi qidalandırır. Halbuki heç bir anlayış insan həyatından üstün deyil. Heç bir etiket bir qadının yaşamaq haqqını əlindən almamalıdır.
Əgər bir şantajdan, bir münasibətdən, bir sosial şəbəkə qalmaqalından danışırıqsa belə, bunun cavabı hüquq olmalıdır. Şayiə yox. Qisas yox. İctimai linç yox.
Ən ağır suallardan biri də budur: əgər bir qadın səhv edibsə belə — bunu kim cəza ilə ölçür? Kim ölüm hökmünü verir?
Bu hadisənin içində adı hallanan hər kəsin məsuliyyəti hüquq qarşısında araşdırılmalıdır. Amma cəmiyyətin məsuliyyəti də az deyil.
Biz bir insanı öldürəndən sonra onu ikinci dəfə sözlə öldürməməliyik.
Ən çox unudulan isə uşaqlardır. Bu cür faciələrin ortasında qalan, hər tərəfdən parçalanan, gələcəyi başqalarının qəzəbinə qurban gedən uşaqlar…
Bəlkə də ən vacib sual budur: biz ədaləti axtarırıq, yoxsa sadəcə qəzəbimizi,etdiyimiz cinayəti bəraətləndirmək üçün səbəb?
Məncə bunu şəhidin xanımı haqqında olmazın sözlər istifadə edən hərkəs düşünməlidir. Və hər kəs, hər kəs cəzasını almalıdır.
İradə Cəlil, Bizimyol.info






