Əlilliyi olan şəxslərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni qərarına əsasən, bundan sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan bina və qurğularda əlilliyi olan şəxslərin maneəsiz hərəkəti nəzərə alınmalıdır.
Qaydalar giriş-çıxışlardan tutmuş təxliyə yollarına, xidmət məntəqələrinə, iş yerlərinə və informasiya sistemlərinə qədər geniş sahəni əhatə edir. Həmçinin infrastruktur obyektlərinin universal dizayn prinsipləri əsasında layihələndirilməsi tələb olunur.
Əlilliyi olan şəxslərlə bağlı yeni qərarın ictimaiyyətə təqdim olunduğu materialın saytımızın “TikTok” səhifəsində yayımlanıb. Şərhlər bölməsində bir sıra vətəndaşlar əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin pulsuz olması ilə bağlı təklif və istəklərini ifadə ediblər.
Dəmir yolu stansiyaları və qatarlar əlilliyi olan şəxslər üçün maneəsiz şəkildə layihələndirilirmi?
Bu barədə Bizimyol.info xəbər portalına danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev bildirib ki, yeni layihələrdə inklüzivlik məsələsi mütləq nəzərə alınır: “Bəli, bütün yeni və ya yenidən qurulan stansiyalarda, müasir qatarlarda inklüzivlik təmin edilib. Azərbaycan Dəmir Yolları sərnişinlərin rahat və təhlükəsiz daşınması və hərəkəti üçün zəruri infrastrukturun, o cümlədən piyada keçidlərinin qurulmasına və yenilənməsinə xüsusi önəm verir, mərhələli şəkildə bütün köhnə infrastruktur yenilənir. Yeni layihələrimizdə inklüzivlik məsələsi mütləq nəzərə alınır. Yeni inşa olunan və ya əsaslı şəkildə yenidən qurulan stansiyalarda beynəlxalq standartlara uyğun müasir liftlər, eskalatorlar, xüsusi panduslar quraşdırılıb, keçidlər tikilib, müasir qatarlarda inklüzivlik tam təmin edilib”.
Bəxtiyar Hacıyev vurğulayıb: “Nəqliyyatın pulsuz olması məsələsinə gəldikdə, bu tək ADY ilə məhdudlaşan bir məsələ deyil. Ümumiyyətlə, bizdə reallıq budur ki, ictimai nəqliyyatda güzəşt ancaq uşaqlarla bağlıdır. Başqa bir güzəşt yoxdur. Yəni ADY-nin Bakı–Tbilisi–Bakı qatarında 5 yaşa qədər uşaqlar ayrı yer tutmursa, sərnişinlə birlikdə pulsuz səfər edə bilərlər, bilet isə mütləq rəsmiləşdirilməlidir. Ayrı yer tutarsa və ya əlavə 5 yaşadək uşaqlar varsa, uşaq tarifi tətbiq olunur. 5-10 yaş arası uşaqlar uşaq tarifi ilə səfər edə bilərlər. 10 yaşdan yuxarı uşaqlar tam tariflə səyahət etməlidirlər.
Rayonlararası qatarlarda 10 yaşadək uşaqlar yalnız yetkin müşayiəti ilə səyahət edə bilərlər. Uşağın yaşı gediş gününə görə hesablanır.
Şəhərətrafı qatarlarda 7 yaşadək uşaqlar yetkin müşayiəti ilə pulsuz səfər edə bilər, 7 yaşdan böyük uşaqlar isə gedişhaqqı ödəməklə səfər etməlidir”.
Günel Həsənova, Bizimyol.info






