Narendra Modi Fransada keçiriləcək G7 sammiti çərçivəsində ABŞ lideri Donald Trump ilə ikitərəfli görüş keçirə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan KİV-ləri hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“The Hindu” nəşrinin yazdığına görə, bu görüş Modi ilə Tramp arasında 2025-ci ilin fevralında Vaşinqtonda baş tutmuş son şəxsi danışıqlardan sonra ilk təmas olacaq.
Mənbələr planlaşdırılan müzakirələrin detalları barədə məlumat verməsələr də, tərəflərin ikitərəfli ticarət sazişi ilə bağlı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal problemləri müzakirə edəcəkləri bildirilir.
Modi ilə Trampın görüşünün hazırlanması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hindistan Xarici İşlər Nazirliyi isə bir gün əvvəl yaydığı məlumatda “sammit çərçivəsində baş nazirin bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini” bildirib, lakin adlar açıqlanmayıb.
Yeni Dehli və Vaşinqton 2025-ci ilin fevralından etibarən tammiqyaslı ticarət sazişinin imzalanması ilə bağlı danışıqları davam etdirirlər. Sazişə əsasən, 2030-cu ilədək iki ölkə arasındakı ticarət dövriyyəsinin 500 milyard dollara çatdırılması nəzərdə tutulur.
Hindistan ABŞ-dən sənaye məhsullarının ixracına tətbiq olunan tariflərin ləğvini və ya azaldılmasını, eləcə də geniş çeşidli ərzaq və kənd təsərrüfatı məhsullarına qoyulan yüksək gömrük rüsumlarından azad edilməsini istəyir. Eyni zamanda respublika növbəti beş il ərzində ABŞ-dən enerji daşıyıcıları, təyyarələr və texnologiyaların alışını artırmaq niyyətində olduğunu bildirib.
Hindistan və ABŞ ticarət sazişinin ilk hissəsi üzərində işi artıq başa çatdırıblar. Həmin müddəaların hüquqi sənədə çevrilərək mart ayında imzalanması planlaşdırılsa da, bu, indiyədək baş verməyib.
Qadir, Bizimyol.info






