Astrofiziklər süni intellektdən getdikcə daha çox istifadə edir və bu, elmin gələcəyi ilə insanın tədqiqat prosesindəki rolu barədə geniş müzakirələrə səbəb olur.
Bizimyol.info xəbər verir ki, “Science” jurnalında dərc olunan məqalədə bildirilib ki, süni intellekt sistemlərinin sürətli inkişafı fonunda dünyanın müxtəlif ölkələrindən olan astrofiziklər iş prinsiplərinə yenidən baxır və texnoloji transformasiyanın mümkün nəticələrini müzakirə edirlər.
Nəşrin məlumatına görə, müasir maşın öyrənməsi alətləri artıq kosmik məlumatların təhlili, qalaktikaların modelləşdirilməsi və böyük həcmli astronomik məlumat bazalarının emalı üçün geniş şəkildə istifadə olunur. Bir çox elmi qrup texnologiya şirkətləri ilə əməkdaşlıq edir və süni intellekti gündəlik elmi fəaliyyətə inteqrasiya edir — elmi ədəbiyyatın axtarışından məqalələrin hazırlanmasına qədər.
Bəzi alimlər qeyd edirlər ki, süni intellekt tədqiqatları əhəmiyyətli dərəcədə sürətləndirir və əvvəllər aylar, hətta illər tələb edən problemlərin həllini mümkün edir. Ayrı-ayrı hallarda süni intellekt sistemləri kosmik obyektlərin yeni xəritələrini yaratmağa və mürəkkəb məlumat analizlərini bir neçə dəqiqə ərzində aparmağa kömək edir.
Bununla yanaşı, elmi ictimaiyyətdə narahatlıqlar da artır. Tədqiqatçıların bir hissəsi hesab edir ki, alqoritmlərdən həddindən artıq asılılıq elmi jurnalların keyfiyyətinin aşağı düşməsinə, resenziya prosesinin zəifləməsinə və gənc alimlərin peşəkar bacarıqlarının formalaşmasında problemlərə səbəb ola bilər.
Xüsusilə “kognitiv kapitulyasiya” adlandırılan risk müzakirə olunur. Bu anlayış tədqiqatçıların əsas iş mərhələlərində süni intellektə həddindən artıq güvənərək müstəqil analiz və riyazi düşünmə bacarıqlarını tədricən itirməsini ifadə edir.
Digər alimlər isə vurğulayırlar ki, texnologiyalar insanı əvəz etmir, sadəcə elmi fəaliyyətin xarakterini dəyişdirir. Onların fikrincə, tədqiqatçının əsas rolu artıq sualların qoyulması, nəticələrin şərhi və araşdırma istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlir, hesablamaların böyük hissəsini isə alqoritmlər yerinə yetirir.
Ekspertlər bildirirlər ki, astrofizika süni intellektin təsirinin bu qədər geniş hiss olunduğu ilk sahələrdən biridir. Çünki bu elm sahəsi əvvəldən böyük məlumat bazaları və mürəkkəb riyazi modellərlə işləməyə əsaslanır.
Süni intellektin elmdə tətbiq sərhədləri ilə bağlı müzakirələr davam edir. Alimlər hələlik yeni texnoloji dövrün elmi tərəqqini sürətləndirəcəyinə, yoxsa elmi biliklərin strukturunu köklü şəkildə dəyişəcəyinə dair vahid mövqeyə gəlməyiblər.
Bizimyol.info






